Rusiya paytaxtı Moskva şəhərində və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Oxşar rejim Voronej vilayətində də tətbiq olunub.
Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. Digər məlumata görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi iddia olunur.