XƏBƏRLƏR / Münaqişə

Myanmada toy keçirilən məkan və məktəb vurulub: 21 ölü

35-dən çox insan isə yaralanıb

Myanmada toy keçirilən məkan və məktəb vurulub: 21 ölü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Myanma ordusunun həyata keçirdiyi hava zərbələri toy mərasiminin keçirildiyi məkanda və məktəbdə onlarla insanın ölümünə səbəb olub.

    Xilasedicilərin məlumatına görə, şənbə günü günortadan sonra ölkənin cənubundakı Şan ştatının Moe Bye kəndində, toy mərasiminin keçirildiyi yerdə azı 21 nəfər həlak olub, 35-dən çox insan isə yaralanıb.

    Bu barədə BBC məlumat yayıb.

    Myanmanın sürgündəki Milli Birlik Hökumətinin (NUG) bildirdiyinə görə, cümə axşamı günü Myanmanın mərkəzi hissəsində – müqavimət qüvvələrinin fəaliyyət göstərdiyi Maqvey bölgəsinin İn Yon kəndindəki məktəbə endirilən hava zərbəsi nəticəsində şagirdlər, gənc rahiblər və müəllimlər də daxil olmaqla, azı 20 mülki şəxs həlak olub.

    Myanmada hakimiyyəti əlində saxlayan hərbi hökumət bu zərbələrlə bağlı hələlik heç bir açıqlama verməyib.

    Hərbçilər həmçinin şənbə günü axşam saatlarında ölkənin qərbindəki Raxayn ştatının Mrauk-U şəhərinə də hava zərbələri endiriblər.

    Yerli vaxtla saat 20:00 radələrində şəhərdəki yaşayış məntəqəsi bombardman edilib; ilkin məlumatlara görə, hadisə nəticəsində 10-dan çox insan həlak olub, təxminən 20 nəfər isə yaralanıb.

    Sözügedən ərazi ölkədəki hərbi rejimə qarşı mübarizə aparan ən güclü etnik ordulardan biri olan Arakan Ordusunun (AA) nəzarəti altındadır.

    Qeyd edək ki, Myanma ordusu 2021-ci ildə həyata keçirdiyi çevrilişlə ölkədə hakimiyyəti ələ keçirib.

    2021-ci ildə baş verən və sabiq lider Aun San Su Çjinin rəhbərlik etdiyi seçilmiş mülki hökumətin devrilməsi ilə nəticələnən çevrilişdən bəri ölkə daxilində hərbi hava zərbələri demək olar ki, hər gün təkrarlanır və bu, uzun sürən vətəndaş müharibəsinə gətirib çıxarıb.

    Hərbçilər öz nəzarətləri altında olmayan ərazilərdə – o cümlədən Milli Birlik Hökumətinin (NUG) və etnik silahlı qruplaşmaların nəzarət etdiyi bölgələrdə kəndləri yandırır və quru əməliyyatları həyata keçirirlər.