BLOQ

Natamamlıq

Bir-birindən psixoloji asılılğı olan adamların azadlığı, müstəqilliyi və xoşbəxtliyi necə mümkün ola bilər?

Natamamlıq
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan insanının dilində çoxlu ifadələr var. O ifadələr insanın, bütövlükdə isə cəmiyyətin psixoloji portretini aydınlığı ilə ortaya qoyur. Məsələn, yolda sürücülərin mübahisəsi düşür. Biri o birisində yol vermir və ya nəyinsə üstündə mənafeləri toqquşur. O sürücü əsəbiləşib nə deyir? Vurub öldürəcəm, p*xa düşəcəyəm. Yüz faiz o birisi də deyir ki, vurub öldürəcəm, p*xa düşəcəyəm. Demək, bunların bir-birini öldürməməsinin səbəbi p*a düşmək istəməmələridir. Bilsələr ki, həbs olunmayacaqlar, öldürərlər. Bunun səbəbi nədir? Natamamlıq. O, o birisini öldürmək istəyi ilə özünü yanındakıların yanında təsdiq etmiş olur. Tək olsa, heç kim görməsə, öldürmək istəməz. Sifariş şüura kənardan gəlir.

    Və ya kişilərin qadından, qadının da kişidən psixoloji asıllığı. İki nəfər dalaşır. Sonra bunu ayrı yerdə müzakirə edirlər. Deyir ki, ə, vallah, baş qoşmazdım e, ailə-uşaq maşında idi, camaat da baxırdı. Əslində bunun heç ailə-uşaq da vecinə deyil. Sadəcə kənardakılar görür ki, kimsə bunun ailə-uşağından beş metr aralıda uca səslə söyüş söydü. Bu da dinmədi. Natamamdı axı. O, bu cür şeylərə sərt reaksiya ilə özünü həm ailə-uşağının, həm də kənardan baxanların gözündə təsdiq etməlidir.

    Ailə-uşaq da deyəndə yüz faiz arvadı ilə qızını nəzərdə tutur. Yanında təkcə oğlan uşağı olsaydı, baş qoşmazdı. Oğlu (kişi olacaq deyə) ilə fəxr eləyib qızına düz otur deyən paçanın arasında qalmış zehniyyət, natamam insanların ölkəsində polis təkcə hakimiyyəti yox, həm də bizi bir-birimizdən qoruyur.
    Ümumiyyətlə Azərbaycan arxetiplərinin, adicə qonaqpərvərliyimizin arxasında dayanan psixoloji səbəblərlə bağlı ayrıca bir yazı da paylaşacağam.

    Yaxud qardaşın öz bacısının toyunda özünü ağır aparması. Guya oynamaq istəmir, bunu zorla oynadırlar. O da yalandan qolunu bir-iki dəfə qaldırır, sonra gedib oturur yerində. Baş aşağı, guya qan da qara. Bu da paçanın arasında qalmış zehniyyətdi. Eləcə də atanın qızının toyunda oğlunun toyundakı qədər şən ola bilməməsi. Biz bu cür davranışla guya öz şəxsiyyətimizin ciddiyyətini kənardakılara göstəririk. Heyfimizi isə oğlumuzun toyunda çıxacağıq. Oğlu olmayan ataların, elə anaların da kədəri nə üçündür? Məlumdur! Bir-birindən psixoloji asılılğı olan bu adamların azadlığı, müstəqilliyi və xoşbəxtliyi necə mümkün ola bilər?

    Mənim üçün maraqlı məsələlərdən biri də odur ki, Azərbaycanda bir insana sonsuz azadlıqlar versən, sonra da hansısa bir deşikdən onu güdəsən. İçinə də kamera qoyasan ki, görüm nə düşünür, nə eləmək istəyir, dərdi nədir?