AZAL sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayını artırmaqda davam edir. Bu barədə aviaşirkətin məlumatında deyilir.
Belə ki, bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub ki, bu da sərnişinlərə səyahət planlaşdırmaqda rahatlıq və ən əlverişli gediş vaxtını seçmək imkanı verir.
Beləliklə, Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.
Aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik və anlayışlı olmağa çalışır. AZAL bu sərnişinlərin istəyini qarşılayır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.
Lakin aviadaşımalara artan tələbatı nəzərə alaraq, aviaşirkət bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edir. Aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az. saytından, AZAL-ın rəsmi kassalarından və ya callcenter@azal.az elektron ünvanı və +994(55) 204 65 54 WhatsApp nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.
Respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manatdır.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, sərnişinlər göstərilən istiqamətdə biletlərin olmamasından şikayətləniblər. Bəziləri bildiriblər ki, bilet gözləyərkən sutkalarla Bakı və Naxçıvan hava limanında qalmağa məcbur olublar, bəziləri isə "tanışlıq" və ya "artıq ödəmə" ilə uçmağı bacarıblar.