BLOQ

Neftin qiyməti və Azərbaycanın Dövlət Büdcəsi

"Turan" İnformasiya Agentliyinin araşdırması

Neftin qiyməti və Azərbaycanın Dövlət Büdcəsi
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Azərbaycan Hökuməti 2022-ci ilin dövlət büdcəsini dəyişir. Milli Məclisdə müzakirə olunacaq «Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində neftin bir  bareli 50 dollardan 85 dollara qaldırılması təklif olunur.

    Azərbaycan neftinin bir bareli hazırda 120 dollardan bahadır.

    Digər tərəfdən, xərclərin 3 milyarda yaxın artırıldığı bir sənəddə sosial xərclər cəmi 519 milyon manat çoxaldılır.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, büdcədə götürülən neftin qiyməti sadəcə texniki parametrdir: «İstənilən halda bu pullar Azərbaycan iqtisadiyyatına gəlir. Onlar ya birbaşa büdcəyə gəlir, ya da qızıl rezervimizə daxil olur. Ehtiyac yaranarkən həmin pullar rezervdən büdcəyə köçürülür». 

    Komitə üzvü qeyd edib ki, prioritet istiqamətlər mövcuddur: «Bunlar müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasıdır. Ərazilərin minalardan təmizləməsi üçün gündə onlarla min manat xərclənir. Böyük qayıdış üçün infrastruktur layihələri həyata keçirilir. Ən vacib istiqamətlərdən biri də xalqın rifahının yaxşılaşdırılmasıdır». 

    Onun sözlərinə görə, Azərbaycan dövlət büdcəsi həmişə sosialyönümlü idi. «Büdcənin minimum 37 faizi sosial xərclərinə yönəlir. Praqmatik tərəfdən baxanda əlavə vəsaitlərin bu cür bölünməsini doğru hesab edirəm. Çünku prioritetlər var. Biz hamımız çox yaxşı başa düşürük ki, bədnam qonşumuzla məsələ bitməyincə, yəni sülh müqaviləsi imzalanmayana, sərhədlərin delimitasiyası aparılmayana qədər biz ehtiyatlı davranıb müdafiə qabiliyyətimizi artırmalıyıq». 

    İqtisadçı Qubad İbadoğlu isə bildirib ki, dürüstləşdirilmiş büdcədən pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmadı: «Azərbaycanın 2022-ci il üçün təsdiq olunmuş  dövlət büdcəsinin yenilənmiş proqnozlarına  əsasən gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat səviyyəsində müəyyən edilib. Beləliklə də  əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz,  xərclər isə 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz artırılır». 

    O, qeyd edib ki, artımdan ən çox pay götürən müdafiə və investisiya büdcələridir. «Müdafiə və milli təhlükəsizlik xərcləri  13,2 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan xərclər 21,4 faiz artırıldığı halda sosial müdafiə və təminat xərcləri 2,4 faiz, təhsil xərcləri 0,06 faiz artırılır, səhiyyə xərcləri isə azaldılır». 

    Ekspertin sözlərinə görə, belə bölgü əslində Əliyev rejiminin prioritetlərini göstərir. «Əgər şəffaf və hesabatlı xərcələmər həyata keçirilərsə nə müdafiə və milli təhlükəsizlik xərclərinin, nə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitlətin artırılmasının əleyhinə olmazdım. Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətlərə ayrılan vəsaitlər korrupsiyanın miqyaslarını artırır, onun inkişafına xidmət edir». 

    O, qeyd edib ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz  təşkil etməsinə baxmayaraq, sonuncu dəfə əmək haqqı, pensiya və müavinətlər bu ilin yanvar ayında əvvəlki ilin inflyasiyası nəzərə alınmaqla artırılıb: «Bəs bu il davam edən yüksək inflyasiyanın xərclərini necə ödənilməlidir? Əvvəlcədən bəyan etdiyim kimi, təəssüf ki, bu dəfə də Əliyev rejimi dövlət büdcəsindəki artımlardan sosial ehtiyacı olanlara vəsait ayırmadı, üstünlüyü korrupsiya potensialı yüksək olan sektorlara verdi. Bu isə o deməkdir ki, büdcə talanı həmişəkindən daha geniş miqyasda və sürətlə davam edir». 

    İqtisadçının fikrincə, burada xüsusilə də narahat edici məqam korrupsiyanın  müdafiə  və milli təhlükəsizlik sahəsində, eləcə də işğaldan  azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası adı ilə Qarabağda çiçəklənməsidir.

    Büdcədə göstərilən neftin qiymətinə gəlincə, ekspert bildirib ki, büdcənin proqnoz qiymətinin və bu gün neftin faktiki qiyməti ilə arasında fərqin belə böyük olması qeyri-peşəkarlığın nəticəsidir. 

    Onun sözlərinə görə, ikinci bir tərəfdən, büdcədə neftin proqnoz qiymətləri daha çox Neft Fondun büdcəsinə təsir göstərir: «Azərbaycan büdcəsinə əsas neft gəlirləri Neft Fondundan gəldiyinə görə və onun sabit transfertlərlə idarə olunduğuna görə proqnoz göstəricilərilə faktiki göstəriciləri arasındakı fərqdən qazanan dövlət büdcəsindən çox Neft Fondunun büdcəsidir. Dövlət büdcəsi yalnız o zaman qazanır ki, ora yerli və xarici neft-qaz şirkətləri mənfəət vergisi ödəmələri artır. Çünki neftin qiyməti qalxdıqca onlar daha çox mənfəət vergisi ödəyirlər».