Dünyanın dəyişən logistika xəritəsində Bakı-Tbilisi-Qars dəmir yolu öz strateji yerini daha da gücləndirəcək. Müharibələr, sanksiyalar, ənənəvi marşrutların bloklanması və qlobal təchizat zəncirlərində yaranan risklər alternativ nəqliyyat dəhlizlərinə marağı artırır. Bu reallıq fonunda BTQ xətti üzrə yük həcmlərinin artması gözləniləndir.
İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.
Mərasim Axalkalaki dəmir yolu stansiyasında baş tutacaq və burada Azərbaycan, Gürcüstan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, BTQ xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərsə də, layihənin tam rəsmi istifadəyə verilməsi yalnız indi həyata keçirilir. Magistralın ümumi uzunluğu 827 kilometrdir və bunun 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollarlıq kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
Azərbaycan Dəmir Yolları tərəfindən verilən məlumata görə, 2023-cü ilin mayından 2024-cü ilin mayınadək xətt üzrə genişmiqyaslı modernizasiya işləri həyata keçirilib və layihə uğurla yekunlaşıb. Yenidənqurma nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb ki, bu da Orta Dəhlizin əsas sütunlarından biri üçün ciddi dönüş nöqtəsidir.

1 dəqiqə