XƏBƏRLƏR / Siyasət

Pakistanın baş naziri Şahbaz Şərif Azərbaycana səfərə gəlib

Hava limanında qonağı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb

Pakistanın baş naziri Şahbaz Şərif Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    İslamabadın qaza ehtiyacı var. Və Pakistan mediasının yazdığı kimi, Şahbaz Şərif maye qaz tədarükü məsələsini müzakirə etmək üçün Bakıya gəlib.

    Şərif özü gəlməmişdən əvvəl demişdi ki, güzəştli ticarət haqqında sazişin bağlanmasını sürətləndirmək üçün danışıqlar aparmaq niyyətindədir. O, həmçinin enerji, bank, maliyyə xidmətləri və informasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlıdır.