XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycanın 6 idmançısı mübarizəyə başlayır

Günün sonunda isə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq YENİLƏNİB

Paris-2024: Azərbaycanın 6 idmançısı mübarizəyə başlayır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:00

    Bu gün Azərbaycanın 6 idmançısı və bir komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

    Akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq.

    Cüdoçu Zelim Tçkayev (91 kiloqram) 1/16 finalda Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.

    Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının təsnifat mərhələsində gücünü yoxlayacaq.

    Boksçulardan Nicat Hüseynov (51 kiloqram) 1/6 finalda dominikanlı Junior Alkantara Reyeslə, Murad Allahverdiyev (80 kiloqram) isə misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

    Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla üz-üzə gələcək.

    Bu gün, həmçinin Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq. Yığma İspaniya seçməsini sınağa çəkəcək.

    Bu günə triatlonçumuz Rostislav Pevtsovun çıxışı nəzərdə tutulsa da, Sena çayında çirklilik dərəcəsinin yüksək olması səbəbindən yarış təxirə salınıb.

    Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

    ***

    08:48

    Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

    Əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

    Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.

    Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/16 final səddini keçməyə çalışacaq.

    Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.

    Daha sonra boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

    Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.

    Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.