XƏBƏRLƏR / İdman

“Paris-2024”: Hidayət Heydərov qızıl medal qazandı YENİLƏNİR

Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib

“Paris-2024”: Hidayət Heydərov qızıl medal qazandı YENİLƏNİR
Hidayət Heydərov
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 22:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

    Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

    Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

    ***

    21:30

    Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.

    73 kq çəki dərəcəsində yer alan idmançıya qızıl mükafat təqdim olunub.

    Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Qeyd edək ki, finalda Hidayətə məğlub olan fransalı Con Benjamin Qaban gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıb.

    Xatırladaq ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.

    ***

    20:53

    Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

    73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

    Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

    Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

    ***

    19:21

    Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

    73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.

    Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.

    H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

    ***

    16:03

    Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

    73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

    Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

    ***

    14:01

    Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

    73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

    Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

    Qeyd edək ki, "Paris-2024" avqustun 11-də başa çatacaq.