Paşinyan Kərkini də Azərbaycana qaytarır?
Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb
Rəsmi Bakının işğal altındakı kəndlərin qaytarılmasına dair tələblərini yerinə yetirən baş nazir Nikol Paşinyanın növbəti belə addımı Tiqranaşenlə bağlı olacaq.
Bunu Ermənistanın “Hraparak” qəzeti Azərbaycanın işğal olunmuş Kərki (Naxçıvanın Sədərək rayonuna daxil olan yaşayış məntəqəsi-red.) kəndi haqqında yazıb.
Məqalədə qeyd olunur ki, hakimiyyət bu qəsəbəni də təhvil vermək niyyətindədir.
Siyasi partiya sədri Mesrop Arakelyan qəzetə bildirib ki, Ermənistan hakimiyyətin Kərkidə nə abadlıq aparmaq, nə də mənzil tikmək planı var:
“Hökumətin iclasında “Artsax sakinləri”nə verilən mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi qərara alınıb. Təkcə Tiqranaşen təsdiq edilmiş kənd və qəsəbələr siyahısında yoxdur. Bütün digər sərhəd kəndləri siyahıya daxildir. Bizə aydındır ki, hakimiyyət bu qərarla Tiqranaşenin abadlaşdırılması və məskunlaşdırılması ilə bağlı heç bir planlarının olmadığını, bu qəsəbədən tamamilə imtina etdiyini göstərir”, - Mesrop Arakelyan deyib.
Arakelyan bu qəsəbənin siyahıda olmamasının necə baş verdiyini anlamaq üçün hökumətə yazılı müraciət edəcəyini söyləyib. O, Kərki kəndinin tezliklə təhvil veriləcəyini istisna etmir.
Xatırladaq ki, Nikol Paşinyan 2023-cü il mayın 22-də mətbuat konfransı zamanı bildirmişdi ki, Kərki və Qazaxın işğal edilmiş 7 kəndi Ermənistanın 29,8 min kvadratkilometr ərazisinə daxil deyil.
Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.
Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.
Kərki kəndində 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var.
Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər 24 may 2024-cü il tarixində təhvil verilib.
Hazırda erməni işğalı altında 4 kəndimiz qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.
Həmin kəndlər hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşlərində esklav kəndlərin məsləsinə baxılacağı istisna deyil.