Ermənistan və İran arasında bir sıra sənədlər imzalanıb
YENİLƏNİB / VİDEO / FOTO

14:05
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Peşeşkan İrəvanda danışıqların nəticəsi olaraq birgə bəyanat imzalayıblar.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimləməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.
***
12:15
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib.
Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış edirlər.
***
11:57
İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirmişdi ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.
Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.
***
10:40
Ermənistanın Baş Naziri Nikol Paşinyan İrəvanda ilk dəfə olan İran Prezidenti Məsud Pezeşkianı qəbul edib.
Rəsmi qarşılanma mərasimi Prezident iqamətgahının həyətində baş tutub.
\
Qeyd edək ki, avqustun 18-də İran Prezidenti Ermənistana iki günlük rəsmi səfərə gəlib.