Yanğında zərər çəkən 15 körpədən 6-sının vəziyyəti ağırdır
Prezident Perinatal Mərkəzdə olan yanğını nəzarətə götürdü
14:30
Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzə köçürülən 15 körpədən altısının vəziyyəti ağırdır.
Bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova deyib.
Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən 3-ü süni tənəffüs aparatına qoşulub.
***
13:30
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrə baş çəkiblər.
Onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.
12:40
Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq.
Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər.
O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.
***
10:38
Bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaydığı birgə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
***
10:06
Perinatal Mərkəzdə yanğın 4-cü mərtəbədəki reanimasiya şöbəsində olub. Mərkəzin həkimləri ANS Press-ə bildiriblər ki, ilkin məlumata görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Əldə etdiyimiz son məlumata görə, küveysdəki körpələrdən ölən var. Hələlik TƏBİB-lə bu məlumatı dəqiqləşdirə bilməmişik.
FHN məlumat yayıb ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsi və təxliyə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.
***
08:50
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Baş Prokurorluqdan verilən məlumata görə, zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
08:29
Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğının binanın dördüncü mərtəbəsində 35 kv.m sahədə olması müəyyən olunub. Binanın 3 və 4-cü mərtəbəsində olan personal, körpələr və analar təxliyə olunub. Hazırda araşdırmalar gedir.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da hadisə yerinə gəlib. Qurumdan bildirilib ki, 50-yə qədər körpə və qadın təxliyə edilib.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir", - TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.