XƏBƏRLƏR / Seçki

İslahatçı Məsud Pezeşkian İranın prezidenti seçildi

Bu barədə İİR Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib YENİLƏNİB

İslahatçı Məsud Pezeşkian İranın prezidenti seçildi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 08:03

    İranda keçirilən prezident seçkilərində islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian qalib gəlib.

    Bu barədə İran İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.

    O, IRIB telekanalında bildirib ki, bütün 30,530 milyon bülletenlərin hesablanmasının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb - ümumi səslərin azı 53,6 faizi.

    İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3 faiz səs toplayıb.

    Eslami qeyd edib ki, seçici fəallığı 49,8 faiz təşkil edib. Səsvermənin ikinci turunda ümumilikdə 30,530 milyon seçici iştirak edib.

    Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində sürpriz namizəd sayılırdı. Seçkilərə buraxılan digər 5 namizəd daha çox mühafizəkarlara yaxın şəxslər olduğu halda, Məsud Pezeşkian islahatçı cinaha mənsubluğu ilə diqqət çəkmişdi. Bu səbəbdən də bəzi ekspertlər onun gözardı edilməsilə razılaşmırdılar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirirdi. Və... gözləntilər özünü doğruldu.

    Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə idi ki, namizəd olaraq iştirak edirdi.

    Keçmiş səhiyyə naziri Məsud Pezeşkian indiyə kimi təcrübəli deputat kimi tanınmışdı.

    O, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

    Məsud Pezeşkian əvvəlcə Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb. 

    1973-cü ildə hərbi xidmət keçib.

    1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib. 1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib.

    Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub. 

    M.Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb və hazırda bu nüfuzlu elm ocağının akademik heyətinin üzvüdür.

    Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Təcrübəli millət vəkili olan Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərə (parlament) üzv seçilib. Pezeşkian İran parlamentində təbrizliləri təmsil edib.

    O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

    İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulamış və planlarını açıqlamışdı.

    Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.

    Prezident seçiləcəyi təqdirdə keçmiş xarici işlər naziri Cavad Zərifi yenidən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə gətirəcəyini bəyan edib.

    M.Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini qeyd edib.

    Məsud Pezeşkian həmçinin İslam İnqilabının rəhbəri və ölkə Konstitusiyasının müəyyən etdiyi “yol xəritəsi”nin izlənilməsinin vacibliyini vurğulayıb, onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

    M.Pezeşkianın 4 övladı olub. Həyat yoldaşı və bir övladı 19 il əvvəl avtomobil qəzasında dünyasını dəyişsə də, o, daha sonra evlənməyib. Və qalan üç övladını - iki oğlu və bir qızını tək böyüdüb.

    Pezeşkian seçkilərdən əvvəl verdiyi müsahibələrin birində deyib ki, o, türkdür və Azərbaycanda doğulub.

    İranda etnik azərbaycanlılar özlərini türk adlandırırlar.

    Məsud Pezeşkian deyib ki, evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan dilini nəzərdə tutaraq türkcə danışdıqlarını söyləyib.

    Onun bu müsahibələri prezident seçkisinin birinci turunda rəqiblərini qabaqlamasından sonra paylaşılmağa başlayıb.

    Prezident seçkiləri boyunca Məsud Pezeşkianı qızı müşayiət edib.

    ***

    07:24

    Seçkilərin ilkin nəticələrinə əsasən, islahatçı Məsud Pezeşkian İranın növbəti prezidenti olacaq.

    Bu barədə ölkənin “Tehran Times” qəzeti bülletenlərin sayılması ilə bağlı qeyri-rəsmi məlumatlara istinadən yazıb.

    İranda prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian 17 milyon səslə qalib gəlib. 14 milyon seçici onun rəqibi mühafizəkar Səid Cəliliyə səs verib.

    Nəşrin məlumatına görə, ikinci turda seçici fəallığı təxminən 50 % təşkil edib - İranda qeydə alınmış 61 milyon seçicidən 30 milyondan çox insan səs verib. Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40 % təşkil edib ki, bu da islam respublikası tarixində ən aşağı göstəricidir.