Pis vərdişlər insan ömrünü 50 faizə qədər azalda bilər
Zərərli vərdişlər dövrü xarakter daşıyarsa, nəticədə alkoqolizm, narkomaniya, toksikomaniya kimi xəstəliklərə çevrilir
Zərərli vərdişlər səbəbindən yaranan xəstəliklər orqanizmin daxili mühitini pozur və müxtəlif xarakterli xəstəliklərin inkişaf etməsinə səbəb olur. Bu zaman orqanizmin müqavimət qabiliyyəti azalır, xəstəliyin gedişinə psixogen amillərin təsiri güclənir.
Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidməti bildirir ki, pis vərdişlər ortalama insan ömrünü 50 faizə qədər azalda bilər.
Sağlam həyat tərzinin tam əksinə olan və qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Təəssüf ki, zaman keçdikcə bu vərdişlərin forması, sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirlərini göstərir.
Spirtli içkilərin, tütün məhsulları və narkotik vasitələrin qəbulu zərərli vərdişlərin ən geniş yayılmış formalarıdır. Bu vərdişlər insanın bütün fəaliyyətini özündən asılı vəziyyətə salır. Zərərli vərdişlərin təhlükəli xüsusiyyəti insanda bu vasitələrdən asılılıq yaratmasıdır. Daha təhlükəli asılılıq yaradan spirtli içkilər, narkotik vasitələr, insan orqanizminə öldürücü təsir göstərən toksiki və psixotrop maddələrdir. Bu vasitələrdən istifadə nəinki insanın sağlamlığını, onun sosial və maliyyə həyatını da məhv edir.
Zərərli vərdişlər dövrü xarakter daşıyarsa, nəticədə alkoqolizm, narkomaniya, toksikomaniya kimi xəstəliklərə çevrilir.
Siqaret aludəçiliyi də orqanizmdə ciddi asılılıq yaradır. Siqaretin tərkibində olan nikotin və bir sıra toksiki təsirə malik maddələr orqanizmə kompleks təsir edərək müxtəlif xəstəliklər əmələ gətirir. Tütün zəif stimulyator və antidepressant maddə kimi mərkəzi sinir sisteminə təsir göstərir. Gündə 2-3 paket siqaret insan orqanizminə dərman vasitələrindən çox psixotoksiki təsir göstərir. Bu təsir gənc yaşlarda daha təhlükəli xarakter daşıyır, beyni dumanlandırır, insanın davranışında dəyişiklik yaradır. Siqaret aludəçiliyi bir çox xəstəliklərə – ağciyər xərçəngi, mədə xorası, miokard infarktı, hipertoniya və digərinə yol açır.