Polşa səfəri və Məhəmməd Əmin Rəsulzadə
Varşavada “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib
Sosial şəbəkələrdə yayımlanan məlumat və şəkillərdən yəqin artıq bilirsiniz ki, 19-20 oktyabr tarixlərində Varşava universitetinin bazasında 8 qurumun, o cümlədən Azərbaycan və Türkiyə səfirliklərinin təşkilatçılığı ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan bu konfransda 7 nəfər məruzəçi və sonda nümayiş edilən “Şuşa” sənədli-bədii filminin yaradıcı heyətinin 2 üzvü ilə təmsil olunurdu.
Konfransın elmi tərəfi üzərində dayanmadan əvvəlcədən Azərbaycan və Türkiyənin bu ölkələrdəki səfirlərinin - Nərgiz xanım Qurbanovanın və Rauf Alp Denttaşın bu toplantıya nə qədər ciddi, ürəkdən və səmimi yanaşdığını qeyd etmək istərdim.Çünki, bir qayda olaraq belə mərasimində Açılış nitqindən sonra məclisi tərk etmək nümunəsi qarşısında hər iki səfir sona qədər konfrans iştirakçıları ilə birgə oldu. Nərgiz xanım bizim məruzələrimizi belə dinlədi, sonrakı ünsiyyət saatlarında hər kəslə ayrıca fikirlərini bölüşdü, mənim xahişimlə 2 gündən sonra bizi səfirlikdə qəbul etdi, qaldırdığım məsələyə son dərəcə ciddi yanaşdı və onun həlli yollarını aydınlaşdırdı. Nərgiz xanım Qurbanovaya və Polşadakı səfirliyimizin bizimlə birgə olan bütün əməkdaşlarına göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
Ayrıca təşəkkür təbii ki, digər Nərgiz xanıma da düşür. Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransla bağlı bütün təşkilati məsələləri dəqiq həll etməklə bərabər bizim nümayəndə heyəti üçün Varşava universietinin 3 elmi müəssisəsinin alimləri ilə görüşlər təşkil etmişdi. Mənim üçün daha bir və olduqca mühüm bir görüş isə Varşava universitetində artıq tanınmış bir sima olan soydaşımız – Şəhla xanım Kazımova tərəfindən təşkil olunmuşdu ki, bu savadlı, qoçaq, işgüzar, mehriban alim qızımızı layiqincə təqdim etməyə söz tapa bilmirəm.
Haqqında söz açacağım fəxr ediləsi bir nəfər də var ki, onu axıra saxlayıram.
Beləliklə, yazımın həcmi və sizin vaxtınız nəzərə alınmaqla Varşava səfərinin sırf elmi tərəfinə toxunmuram, yalnız bir məqamı vurğulamaq istəyirəm ki, mən bu konfransda “Türk Xalqları birliyi ideyasının tarixi kökləri. Məhəmməd Əmin Rəsulzadənin “Türk dövlətləri birliyi” konsepsiyası” mövzusunda təqdimat-məruzə etmişdim və bu məruzədə Rəsulzadənin Polşa ilə bağlı məqalələri də yer almışdı. Məruzəmdən başlayaraq əslində bu səfər mənim üçün demək olar ki, “Rəsulzadə” şəxsiyyəti üzərində qurulmuşdu. Rəsulzadənin siyasi mühacirət həyatından az-çox məlumatlı olan hər kəs bu ölkənin onun bioqrafiyasında nə qədər mühüm yer tutduğunu bilir. Təbii ki, keçirdiyimiz bütün görüşlər və söhbətlərimiz də Polşa-Azərbaycan əlaqələri və Polşa-Rəsulzadə mövzusu üzərində davam edirdi.
Konfransın əsas təşkilatçısı – Varşava Univerisitetinin Şərqşünaslıq fakültəsinin dekanı prof. Pyotr Taraça və Türkşünaslıq və Daxili Asiya xalqları şöbəsinin müdiri, prof. Aqata Bareja-Starzinska ilə ilk görüşdə söhbətimiz ümumi xarakter daşımayaraq istər şərqşünaslıq, istərsə də Polşa-Azərbaycan tarixi-elmi münasibətləri çərçivəsində, konkret məsələlər üzərində quruldu. Heyətimizdən 3 nəfərin AMEA Şərqşünaslıq, bir nəfərin isə Əlyazmalar institutunun əməkdaşları olduğu üçün təhqiqat istiqamətlərimizi və elmi maraqlarımızın dairəsini müzakirə etdik. Düşünürəm ki, mənim 1918-ci il mart qırğınları faktlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının 9 üzvündən 2-nin milliyyətcə polyak olması və Varşava universitetini bitirməsi haqda verdiyim məlumat polşalı həmkarlarımız üçün çox gözlənilməz oldu. Qubadakı “Azərbaycanlıların soyqırımı Memorial Kompleksin muzey ekspozisiyasını hazırlayarkən FTK-nın ən fəal üzvləri olmuş bu iki polşalı müstəntiqin şəkillərini tapa bilmədiyim, Varşava universitetinə müraciətlərimə də şəhərlə birlikdə universitet arxivinin bütünlüklə dağıdıldığı cavabı aldığımı eşidəndə polşalı həmkarlarımız bu məsələyə mütləq qayıtmaq və adıçəkilən şəxslər haqqında yeni axtarışlar aparmağın zəruriliyini vurğuladılar. Son nəticədə, bu məsələ daha geniş müzakirə olunarkən Nərgiz xanım Qurbanova da mövzunun əhəmiyyəti nəzərə alınmaqla səfirliyimiz tərəfindən müvafiq orqanlara rəsmi sorğu göndərilməsi təklifi ilə çıxış etdi və mən bir daha Nərgiz xanıma bu konkret dəstək üçün minnədarlığımı bildirirəm. Təbii ki, Bakıya qayıdandan sonra FTK və polşalı müstəntiqlər – A.Novatski və Ç.Klassovski haqqında topladığım bütün məlumatları səfirliyə və “Azərbaycanşünaslıq” mərkəzinə göndərdim. Axtarışların uğurlu olacağına çox inanmaq istəyirəm.
Bu görüşdə Rəsulzadə haqqında da söhbət açıldı, onun qarşıda 140 illik yubileyinə beynəlxalq elmi konfransla hazırlaşdığımızı eşidərkən prof.P.Taraça və Aqata xanım məmnuniyyətlə bu elmi toplantıya qatılmaq istədiklərini bildirdilər və qarşılıqlı olaraq Polşada da belə bir konfransın keçirilməsini mümkün saydılar.
İkinci görüşümüz Varşava universitetinin Avropa Mərkəzində “Azərbaycan Şərqlə Qərb arasında: Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa formatında nəzərdə tutulmuşdu. Mərkəzə yetişəndə məlum oldu ki, türk ədəbiyyatının tanınmış polşa tədqiqatçılarından biri və Azərbaycanın da dostu 82 yaşlı, amma 25 yaşın enerjisini nümayiş etdirən Dünuta Çmiyelovska bu institutda çalışır. Danuta xanım bizi İnstitutun qapısında qarşıladı və əvvəlcədən hazırlanmış çay-qəhvə süfrəsi arxasında öz şöbəsinin müdiriyyəti və kollektivi ilə tanış etdi. Nərgiz xanım da bizim tərəfdən iştirakçıları təqdim etdi.
Ortaq mövzuya keçid axtarışında mən məclisə rəhbərlik edən direktor müavini Dr.Aqnieszka xanımdan Azərbaycanı necə - Avropa ölkələrindən biri, yaxud türk-müsəlman dünyasının bir parçası kimi qəbul etdiklərini soruşdum. Polşalı həmkarlarımız xeyli canlandılar, çox maraqlı bildikləri bu suala müxtəlif cavablar verdilər. Ümumi rəy bizim üçün bir qədər gözlənilməz oldu – Azərbaycanı o qədər də yaxından tanımırlar və təbii ki, ölkəmizə elə də böyük elmi maraq yoxdur. Mən belə bir maraq üçün əsas olduğunu bildirdim: Azərbaycan Avropa dəyərlərini bütün müsəlman Şərqinə gətirən ilk sivil, dünyəvi, demokratik ölkə olmuşdur. Cümhuriyyət tariximizdən, Rəsulzadə irsindən gətirilən nümunələr böyük maraq doğurur. Danuta xanım Rəsulzadə fenomeni, onun kimliyi və Polşada həyatı haqda həmkarlarına məlumatlar verdi. Maraqlı müzakirələrdən sonra bu Mərkəzin nəşr etdiyi elmi jurnalın redaktoru Dr. Artur Adamçuk məmnuniyyətlə həmin mövzularda məqalələr dərc etməyə hazırlığını bildirdi. Danuta xanım öz yaxın dostu olmuş polyak əsilli Amerika alimi Tadeuş Svyatoçovskidən söz açdı. Onunla yaxından tanış olduğumu və birgə layihələrdə işlədiyimi biləndə hədsiz sevindi. Son nəticədə Danuta xanımın “Svyatoçovskinin Rəsulzadə haqda fikirləri” mövzusunda məruzə ilə Rəsulzadənin Bakıdakı yubiley konfransına qatılacağı və “II Beynəlxalq Rəsulzadə Qiraətləri” üçün bu mövzuda məqalə yazacağı qərarına gəldik. Bu institutun əməkdaşlarının daha bir xahişi bizim üçün xoş oldu. 4-5 nəfər alim gələn ilin sentyaber-oktyabr aylarında Bakıya elmi ezamiyyətə gəlmək, burada bir universitetdə görüşlər keçirmək, daha sonra Gəncə, Şuşa və Quba şəhərlərinə səfər etməyi arzulayırlar. Qubaya getməkdə məqsəd çoxdan eşitdikləri Azərbaycanlıların soyqırımı Memorial Kompleksini ziyarət etməkdir. Mən, “lazımi vaxtda, lazımi yerdə” olan şəxs kimi təbii ki, bu Kompleks haqda geniş məlumat verdim, muzeyin ekspozisiyasında polşalı müstəntiqlərin adlarının və əməyinin də əks olunduğunu bir daha vurğuladım. Eyni zamanda həmin səfərin Azərbaycan Dillər Universiteti tərəfindən təşkilini məqsədəuyğun salaraq ADU-nun rektoru prof. Kamal Abdulla ilə danışacağımı vəd etdim.
Kamal müəllimin adını eşidən Danuta xanım çox sevindi, onunla Bakıdan tanış olduğunu və Polşada əsərlərinin tərcümə edildiyini bildirdi, sonra özünün XX əsr Türkiyənin ədəbi nəsrinə dair son kitabını Kamal müəllimə çatdırmağı xahiş etdi.
Üçüncü görüşümüz Hərbi Texnologiya Universitetinin prorektoru Dr. Natalia Moş və həmin Universitetin Şərq araşdırmaları Mərkəzinin rəhbəri Pavel Starvarsz ilə keçdi. Pavel Azərbaycanda olub, 44 günlük müharibə və sonrakı illərdə Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib. Təbii ki, bu heyətlə söhbətimiz Azərbaycanın son hərbi uğurları ətrafında gedir.
Müsahiblərimiz Azərbaycan ordusunun qisa tarixçəsini, onun Bakının azad edilməsi və ilk Qarabağ savaşları proseslərində yarandığını eşidəndə heyrət edirlər. Azərbaycanın hərb tarixini Avropa məkanında tanıtmağı və ordumuzun qələbələrinin öz şanlı sələflərinə söykəndiyini təbliğ etməyi zəruri bilirlər. Pavel alimlərimizi bu mövzularda redaktoru olduğu jurnalda çap olunmağa səsləyir.
Nəhayət, 4- cü görüş. Varşava Universitetinin nəzdində, əslində müstəqil statusda fəaliyyət göstərən Şərqi Avropa Araşdırmaları Mərkəzində bu görüşə mən hələ Bakıda ikən hazırlaşırdım. Belə ki, vaxtilə bu ölkədə səfirimiz olmuş görkəmli ziyalımız, diplomat Vilayət Quliyevin vasitəsilə həmin Mərkəzdə çalışan, adını hələ uzun illər əvvəl rəhmətlik Radeuş Svyatoçovskidən eşitdiyim Şəhla Kazımova adlı bir gənc azərbaycanlı xanımla qiyabi tanış olmuş və Rəsulzadənin qarşıdakı yubileyi zəminində yazışmağa başlamışdıq. Bu Mərkəz ən əvvəl özünün çox nüfuzlu və koloritli müdiri – prof. Yan Malitskinin adı və daha sonra onun başçılı etdiyi “Prometey” hərəkatının tarixinin araşdırılması və hər il bu mövzuda beynəlxalq konfrans keçirilməsi ilə məşhurdur. Bilməyənlər üçün: “Prometey” hərəkatı 1926-cı ildə Parisdə yığışmış siyasi mühacirlərə dəstək, xüsusilə Çar Rusiyası xalqlarının liderlərini əhatə edən bir təşkilat kimi yaradılmış, eyni adda fransız dilində jurnal nəşr etmişdir. Azərbaycanlı mühacirlər, xüsusilə M.Ə.Rəsulzadə bu təşkilatın və jurnalın idarə və redaksya heyətinə daxil idilər. Rəsulzadənin bu jurnalda ən məşhur məqalələri nəşr olunmuşdur.
Təbii ki, Yan Malitskinin Rəsulzadəni yaxından tanıdığına heç şübhəm yox idi. Amma onun sözün əsl mənasında “Rəsulzadə sevdalısı” olduğunu bu dərəcədə gözləmirdim və təbii ki, Rəsulzadənin də imzası olan bir sənədi öz kabinetində, başının üstündə asması qarşısında yəqin ki, bundan sonra deyəcəyim hər hansı söz artıqdır. Şəhla xanımın da Rəsulzadə irsini araşdıran bir tədqiqatçı kimi yetişməsi məhz prof. Yan Malitskinin xidmətidir, belə ki, məhz bu şərtlə azərbaycanlı magistra elmi rəhbər olmaq razılığını verib.
Bu görüşdə Yan Malitski və Şəhla xanımla yanaşı, gürcü əsilli daha bir alim Prof. Kolbaya da iştirak edirdi. Bizim yaxın dostumuz Georgi Mamulia tələbə dostu olmuş bu həmkarımızın görüşə nə qədər kolorit qatdığını deməyə yəqin ki, ehtiyac yoxdur. Şəhla xanım isə hər mənada – bir tapıntıdır. Bü görüşdə müzakirə etdiyimiz məsələləri və əməkdaşlıqla bağlı gəldiyimiz qərarları açıqlamıram. Ümid edirəm ki, yerinə yetirildikcə siz də xəbərdar olacaqsınız. Ən qısa şəkildə Yan Malitski başda olmaqla bu Mərkəzin 3 əməkdaşı Rəsulzadə konfransında iştirak etmək niyyətlərini tam ciddiliklə bildiriblər və “Qiraətlər” üçün də yaxın günlərdə elmi məqalələrini göndərəcəklər. Beləliklə, Rəsulzadənin 140 illik yubiley konfransında Polşadan çox nüfuzlu nümayəndə heyəti gözləyirik. İnşallah. Eyni zamanda Yan Malitki Rəsulzadənin yubileyinin Polşada da keçirilməsini arzu edir. Bu sahədə artıq təşrübələri var. Vilayət Quliyev
bu ölkədə səfir olduğu zaman, 2009-cu ildə bu Mərkəz M.Ə.Rəsulzadənin 125 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirib.
Rəsulzadə mövzusunun təsvir etdiyim bütün görüşlərdə gündəm olduğuna yəqin ki, diqqət yetirdiniz. Və indi daha bir mühüm xəbər. Bizim Polşada rəsmi və elmi nümayəndəliklərimizlə bərabər həm də gözəl Diaspora təşkilatımız var. Onların bir nümayəndəsi, Krakov şəhərindəki “Xarı Bülbül” təşkilatının rəhbəri Sedat Şamilli ilə də hələ Bakıda ikən yazışırdıq.
Bu ilin avqustunda diaspor gənclərinin Naxçıvanda keçirilən yay düşərgəsində tanış olduğum Polşadan nümayəndə Muxtar Şeyxzamanlı hələ o zaman mənə bildirmişdi ki, cavanlarımız Rəsulzadənin vaxtilə Varşavada yaşadığı daha bir binanın ünvanını əldə ediblər (təbii ki, bu işdə də Dilqəm Əhmədin barmağı var). Məlumdur ki, II dünya müharibəsi illərində Varşava alman qoşunları tərəfindən tamamilə dağıdılıb, qəsr və məşhur kilsələrindən tutmuş bütün bunalarına qədər. Lakin müharibədən sonra Polşa hökuməti mövcud şəkillər əsasında bu binaların böyük əksəriyyətini, hətta yaşayış rayonlarını da bərpa edib. Rəsulzadənin dövün sənədlərində göstərilən ünvanlardakı binalardan biri yol ayrıcına düşdüyündən bərpa olunmayıb, lakin son zamanlar tapılan 2-ci ünvandakı bina salamatdır və eynilə 30-cu illərdə olduğu görkəmində qalır. Rəsulzadənin məhz bu binada yaşadığı sənədlərlə, həm də yalnız özünün zərflərdə göstərdiyi ünvünlarla deyil, Polşada yaşadığına dair sənədlər və rəsmi Poçt göstəriciləri ilə təsdiq olunur. Bu sənədlər toplanıb və bizim vətənpərvər, qədirbilən diaspor gəncliyinin, Sədat Şamillinin simasında bu bina ilə bağlı bir sıra layihələri var. İlk olaraq, bu binaya Rəsulzadənin xatirə-barelyef lövhəsini vurmaq!
Bizim – böyüklərin məsləhətinə və dəstəyinə ehtiyacları var, xərcləri tamamilə öz öhdələrinə götürürlər. Rəsulzadəyə borclarını ən azı bu yolla ödəməyi arzu edirlər. Sədatla, onun dostları ilə söhbətlərdə duyduğum qürur və fərəhi sözlə ifadə edə bilmirəm.
Barelyef məsələsini həm polşalı həmkarlarımız (Yan Malitski və d.), həm də səfirimizlə ən ciddi surətdə müzakirə etdik, yollarını aradıq. Bu işdə Azərbaycan səfirliyinin rolu mütləqdir və böyük təcrübəsi var. Görkəmli ziyalımız, dövlət xadimi, alim və diplomat Həsən Həsənov bu ölkədə səfir olarkən Polşanın müxtəlif şəhərlərində müxtəlif ünvanlara Azərbaycanla bağlı 26 adda xatirə lövhəsi vurdurub. Təssüf ki, Rəsulzadənin ev ünvanı o zaman əldə olmayıb. Bu gecikmiş işi indi, xüsusilə Məhəmməd Əmin bəyin 140 illik yubileyi qarşısında görmək mümkündür. Çalışaq...