Prezident İlham Əliyev BƏƏ-nə işgüzar səfərə gəlib FOTO
Bu barədə "Azərtac" agentliyi xəbər verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. "Azərtac" xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.
Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirib, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.
Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğulayıblar.
Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini dedi, bu münasibətlə təbriklərini çatdırıb.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.