Putin və Əliyev BAM-ın veteranları və işçiləri ilə görüşüb
Baykal-Amur Magistralının 50 illik yubileyi tədbirində Heydər Əliyevin tikintidəki rolu ehtiramla anılıb
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə bildirib.
Rusiya Prezidenti qeyd edib: “BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”.
"Bu gün Baykal-Amur Magistralı (BAM) bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək", - Vladimir Putin əlavə edib.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb.
“BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, - deyə Prezident İlham Əliyev əlavə edib.
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.