
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian telefonla Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Rusiya-İran əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Putin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.
Aktual beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı ilə bağlı Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların gedişi barədə fikir mübadiləsi aparılıb. Rusiya tərəfinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli razılığın əldə edilməsi məqsədilə bu dialoqun irəliləyişinə yardım etməyə hazır olduğu təsdiqlənib.
Prezidentlər xarici siyasət sahəsində Rusiya-İran praktiki əməkdaşlığını və koordinasiyasını hərtərəfli gücləndirmək üçün birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.