XƏBƏRLƏR / Kriminal

Qarabağda hələ də gizlənən erməni quldur dəstələri var

Bunu İlham Əliyev MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşdə səsləndirib TAM MƏTN

Qarabağda hələ də gizlənən erməni quldur dəstələri var
  • Oxuma müddəti:

    27 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    - Hörmətli qonaqlarımızı, dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərini salamlamağa şadam.

    Əminəm ki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Əlamətdar haldır ki, sizin iclasınız dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərinin müzakirəsinə kömək edəcək MDB-nin növbəti sammiti ərəfəsində keçirilir. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır.

    Düşünürəm ki, siz bugünkü iclasda da əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəksiniz. Əlbəttə, daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. Siz hamıdan yaxşı bilirsiniz ki, informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır.

    Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.

    Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur. Son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür, deyərdim ki, birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu nəzərə alaraq, son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm. Amma mənim informasiyamın, necə deyərlər, daha dolğun olması üçün tarixə qısa ekskursiya etmək istəyirəm.

    Ondan başlayım ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan,- o, Qarabağın və Şuşanın xanı idi,- Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Yəni, bu, bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub. Həmçinin bu sənədlərdə, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-nin tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.

    Hamımız 1980-ci illərin sonunda Sovet İttifaqına kimin başçılıq etdiyini xatırlayırıq və təbii ki, başqa nə isə gözləmək mümkün deyildi. Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan və erməni xalqları arasında ənənəvi sülh, dostluq və qarşılıqlı anlaşma münasibətləri pozuldu, zərərli milli müstəsnalıq, üstünlük ideologiyası ortaya atıldı və Azərbaycanın Qarabağ torpağına iddiaları əsaslandırmaq üçün cəhdlər edilməyə başlandı. Bu tendensiyalar artıq Sovet İttifaqının süqutundan sonra açıq təcavüz və Azərbaycan torpaqlarının işğalı ilə davam etdi. Nəticədə Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edildi. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Bu münaqişənin timsalında biz həm də Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsinin şahidi olduq. Belə ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Biz uzun müddət gözlədik, bizim ümidlərimiz var idi. Mən 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak etdim, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. O, bununla bütün danışıqlara son qoydu və onları tamamilə mənasız etdi. Onu demək lazımdır ki, bu, suveren Azərbaycan dövlətinə qarşı açıq ərazi iddiası idi, çünki dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan qondarma “Dağlıq Qarabağ respublikasını” tanımırdı. Yəni, erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.

    Məsələnin qısa tarixçəsi budur. Belə bir sual yarana bilər: bəs, üç həftə əvvəl nə baş verib? Belə ki, barəsində danışdığım Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan onun bəndlərini yerinə yetirmirdi, halbuki ən vacib bəndlərdən birində deyilirdi ki, bütün erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalıdır. Buna əməl edilmədi, həm də nümayişkaranə şəkildə edilmədi. Hətta iki il ərzində - 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır.

    Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub ki, həm də bununla bağlı sizi məlumatlandırmaq istərdim. Bir il əvvəl - ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin təəssüf ki, ümidlərimiz doğrulmadı. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir.

    Bəs ətrafda nə baş verir? Bunu da düşünürəm ki, ətrafda baş verənlər barədə verdiyimiz qiyməti bizdən eşitməyiniz sizin üçün maraqlı olar. Ondan başlayaq ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur.

    Lakin bununla belə, biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, baş verənlər barədə həqiqətləri çatdırırıq və bundan sonra da çatdıracağıq.

    Fransadan danışanda, bu ölkənin rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur.

    Daha bir məsələ. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.

    Həmçinin sizə məlumat vermək istəyirəm ki, oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır.

    Öz şərhlərimə yekun vuraraq onu da demək istərdim ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək.

    Vaxt tapıb gəldiyinizə görə bir daha sizə təşəkkürümü bildirmək istərdim. İndi hər yerdə çətin zamandır, hamının işi çoxdur, amma bu gün sizin Bakıda olmağınız həm də ölkəmizə, dövlətlərimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın səviyyəsinə münasibətinizi göstərir və keçmiş SSRİ məkanında mühüm təhlükəsizlik amilidir. Zənnimcə, biz əməkdaşlığımızı möhkəmləndirməliyik. Tarixi əlaqələr, ortaq keçmişimiz – bütün bu amillər MDB məkanında dostluğun möhkəmlənməsinə və qarşılıqlı dəstəyə kömək edəcək. Beləliklə, bir daha sizi salamlayır, bugünkü tədbirdə uğurlar diləyirəm.

    ***

    Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov deyib:

    -Hörmətli İlham Heydər oğlu.

    Əvvəlcə, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsinə şərait yaratdığınız üçün Sizə təşəkkür etmək istəyirəm. Bu, artıq Şuramızın fəaliyyəti dövründə keçirdiyimiz beşinci iclasdır. Azərbaycan həmişə Şuranın işinin təşkili üçün əlverişli və gözəl şərait yaradır. Əlbəttə, biz bugünkü tədbirimizin hazırlanmasında aparılan ilkin işlərə görə Azərbaycan Təhlükəsizlik Xidmətinin rəhbərinə də minnətdarıq. Demək istəyirəm ki, fəaliyyət göstərdiyi bütün dövr ərzində Şura öz əhəmiyyətini sübut edib. Sizin bu gün xüsusi xidmət orqanlarının rəhbərlərinə çatdırdığınız məsələlərin əksəriyyəti Sovet İttifaqının süqutundan sonra qarşılaşdığımız problemlərin fonunda real olaraq mövcuddur.

    Çox təəssüf ki, hər bir respublika, hər bir suveren dövlət bu və ya başqa dərəcədə bizim Şuranın tədbirlərində müzakirə etdiyimiz problemləri yaşayıb. Bunlar bizim son illər daim bəhs etdiyimiz separatçılıq və ekstremizm təzahürləridir. Biz bu və ya başqa dərəcədə bununla qarşılaşmışıq. Biz bilavasitə dövlətlərimizin təhlükəsizliyi, suverenliyi, konstitusiya quruluşu ilə bağlı məsələlərdən danışırıq, belə ki, həm ölkənin daxilində olan, həm də xarici amillərlə bağlı bəzi problemlərin hamısı ümumilikdə təhlükəsizlik məsələlərinə təsir göstərir.

    Çox təəssüf ki, son vaxtlar MDB dövlətlərinin demək olar ki, hamısı Sizin indi söylədiyiniz bu və ya digər məsələlərlə qarşılaşır. Hesab edirəm ki, bugünkü iclasımız birgə işimizin bütün istiqamətləri üzrə irəliləməyə kömək edəcək.

    İlham Heydər oğlu, yaradılan şəraitə və bugünkü görüşdə bizə verdiyiniz tövsiyələrə, tarixi arayışa, hazırda bizim içərisində olduğumuz MDB məkanında və regionda baş verən proseslərin əsaslandırılmasına görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu, baş verənlərin anlaşılması və obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bugünkü iclasın nəticələrindən gələcəkdə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllində maksimum dərəcədə səmərəli və məhsuldar istifadə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik.

    Çox sağ olun.