Qərbi Zəngəzur abidələri: Bazarçay qalası
Kənddə 1886-cı ildən 1918-ci ilə qədər təqribən 650 nəfər azərbaycanlı yaşayıb
Bazarçay (Bərguşad) qalası Qərbi Zəngəzur vilayətinin Qarakilsə rayonunun Bazarçay kəndi ərazisində yerləşir. Qala Urud kəndindən cənub-qərbdə, Bazarçay çayının sol sahilində keçilməz dağ silsiləsindədir.
Bazarçay kəndi rayon mərkəzindən 24 kilometr şimal-şərqdə, Bazarçay çayının yuxarı axarında, düzənlikdə yerləşir. Toponim quruluşca mürəkkəbdir, bazar türk tayfasının adı ilə çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Kənddə 1886-cı ildən 1918-ci ilə qədər təqribən 650 nəfər azərbaycanlı yaşayıb.
Sovet rəhbərliyi 1920-ci ildən sonra xarici ölkələrdən gətirdiyi erməniləri bu kənddə məskunlaşdıraraq yerli azərbaycanlıları deportasiya etməyə başladı. Azərbaycanlıların deportasiya prosesi 1926-cı ildə tamamlandı. İndi kənddə yalnız ermənilər yaşayır.
Bu sözlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Zəngəzur abidələri: Bazarçay qalası” adlı məqaləsində yer alıb.
Bazarçay çayının uzunluğu 178 kilometr, hövzəsinin sahəsi 2711 kvadrat-kilometrdir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 metr yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55 faiz), qar (35 faiz) və yağış (10 faiz) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Orta illik su sərfi 19 kubmetr/saniyədir. Bunun 45 faizi yazda, 25 faizi yayda, 18 faizi payızda, 12 faizi isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kiloqram/saniyə, lillənməsi isə 200 qram/kubmetrdir. Suvarmada istifadə edilir.
Bərgüşad çayın mənbəyi Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Qarakilsəçay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. Bərgüşad çayı Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.
Bazarçay qalası Zəngəzurun digər qalaları kimi orta əsrlər müdafiə tikililəri sırasında görkəmli yer tutur. Bəzi mənbələrdə 1104-cü ildə Bazarçay qalasının Səlcuq türkləri tərəfindən idarə olunduğu iddia olunur.
1211-ci ildə Qala monqollar tərəfindən işğal edilmişdir. 1386-cı ildə Teymurləng Zəngəzura hücum edərək Bazarçay qalasını monqollardan alaraq uzun müddət öz nəzarətində saxladı. Qalanı 1407-ci ildə Qaraqoyunlu hökmdarı Qara Yusif Zəngəzur vilayətidə daxil öz ərazilərinə birləşdirdi.
Bazarçay qalası 11,5 hektar ərazini əhatə edir və şimal-qərb-cənub-şərq istiqamətlərində uzanaraq at yəhərinə bənzəyir. Üç tərəfdən Bazarçayın dərin dərələrindən yuxarı qalxan və qalanı alınmaz edən bazalt qayaları ilə əhatə olunub.
Qala divarları yonulmamış bazalt daşları ilə hörülmüş divarla əhatələnir. Qala divarları ikiqat tikilib, ön və daxili divardan ibarətdir. Divarlar uçulub dağılsa da, bəzi hissələri indiyədək qorunub saxlanılıb. Qalanın cənub-şərq hissəsində, təxminən 50 metr hündürlükdə, həmçinin üç tərəfdən təbii qayalarla əhatə olunub.
Qalanın şimal-qərb hissəsində iri yarım işlənmiş əhəngdaşı və bazalt daşlarından qoşa divar tikilib, divarın cənub-qərbində qala divarları tağvari darvazalarla birləşir. Qalanın şərq hissəsində yarımdairəvi gözətçi qülləsinin, bazalt daşlarından tikilmiş düzbucaqlı və ya dairəvi evlərin divarları qorunub saxlanılıb. Qaladan Bazarçayına enən tunelin qalıqları da hələlik öz mövcudluğunu qoruyub saxlayır.
Qalada diqqətçəkən məqamlardan biri içərisi əhəng məhlulu ilə suvanmış yaxşı vəziyyətdə olan su hovuzudur. Bazarçay qalasından 3 kilometr şimal-qərbdə, qala yamacının ətəyində, Bazarçay çayı üzərində, XIX əsrdə tikilmiş bir tağlı körpü işlək vəziyyətdədir. Hazırda istismar olunur.