XƏBƏRLƏR / Münaqişə

Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib

Yerli vaxtla saat 07:00-dan Fələstin eksklavının inzibati mərkəzində sakitlik yaranıb.

Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qəzza sektorunda HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən atəşkəs rejimi bu gün səhər saatlarında qüvvəyə minib.

    "Al Hadath" telekanalı xəbər verir ki, yerli vaxtla saat 07:00-dan (Bakı vaxtı ilə 9:00) başlayan atəşkəsdən sonra Fələstin eksklavının inzibati mərkəzində sakitlik yaranıb.

    İsrail Silahlı Qüvvələrinin nümayəndəsi Daniel Haqari bildirib ki, atəşkəs müddətində ordu hissələri Qəzza zolağındakı mövqelərində qalacaq. İsrail ordusu yaranan fasilədən əməliyyatın növbəti mərhələsini planlaşdırmaq üçün istifadə etmək niyyətindədir.

    “İslami Cihad” təşkilatının nümayəndəsi Əli Əbu Şahin isə öz növbəsində İsrailin Qəzza sektorunda atəşkəs şərtlərinə nə dərəcədə əməl etməsinə nəzarət edəcəklərini deyib. O, həmçinin qeyd edib ki, atəşkəsin uzadılması və ya yeni humanitar fasilələrlə bağlı razılaşma İsrailin gələcəkdə özünü necə aparmasından asılı olacaq.

    Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, noyabrın 24-də HƏMAS Qəzza sektorunda saxlanılan girovların 13 qadın və yeniyetmədən ibarət ilk qrupunu İsrailə, Təl-Əviv isə 39 fələstinli məhbusu qarşı tərəfə verəcək. Fələstin anklavına humanitar yardımın çatdırılması Misirlə sərhəddə yerləşən Rafah keçid məntəqəsi vasitəsilə həyata keçiriləcək.