BLOQ

QMİ fitrə zəkatının məbləğini açıqladı

Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır

QMİ fitrə zəkatının məbləğini açıqladı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ramazan ayının orucluğu sona çatır. Aprelin 10-da Azərbaycanda Ramazan bayramının namazı qılınacaq. Bayram namazına qədər isə - öncəki gün və ya öncəki axşam evlərdən fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək.

    İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir.  İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır.

    Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır.

    Fitrə zəkatının miqdarı adambaşına 3 kq ərzaqdan hesablanır. Yəni evdən hər bir ailə üzvünün adına 3 kq müəyyən növ ərzaq çıxarmaq lazımdır. Məsələn: ailədə bir nəfərə  3 kq düyü, digər ailə üzvü üçün də də 3 kq düyü və ya buğda, kişmiş, xirma, başqa növ ərzaq hesablana bilər.

    Bu arada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitrə zəkatının pulla hesablanmış məbləği barədə açıqlaması birmənalı qarşılanmayıb. QMİ tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.
    “İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır”, - deyə idarə rəsmisi bildirib.

    Sosial şəbəkələrdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması tənqidlərə tuş gəlib.

    İnsanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu onunla əsaslandırılır ki, hazırda buğdanın 1 kq-ı 80 qəpik - 1 manatdırsa, ya da düyünün 1 kq-ı 3.50 – 6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?

    Sosial şəbəkələrdəki müzakirələrdə QMİ-ni fitrə zəkatının minimum məbləğini hesablayarkan imkanı zəif, yoxsul, xəstə insanları nəzərə almamaqda qınayıblar. Çünki qəlbində Allah sevgisi olan bütün inanclı insanlar maddi durumlarına baxmayaraq Fitr bayramı ərəfəsində evlərindən zəkat çıxarmaqla şükür etmək niyyətindədirlər.

    Fitrə zəkatının vaxtına gəldikdə, Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.

    Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.

    Aprelin 10-u və 11-i Azərbaycanda Fitr bayramıdır.