BLOQ

Qurbanlıq

Bu gün bəzi "nəzər sahibləri" Quranda bu yoxdur deyib insanlarda yalnız çaşqınlıq yaradırlar

Qurbanlıq
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! (Həcc.34)

    Qurban nədir? Əvvəl sözün şəxsiyyət vəsiqəsinə, yəni etimoloji kökünə nəzər salmalıyıq. Çünki hər sözün şəxsiyyəti onun kök mənasındadır. Qurban - ərəb mənşəli söz olaraq "qurb"(قرب)  kökündən götürülüb ki, bu da yaxınlıq mənasını verir. Amma hər yaxınlıq deyil, yalnız mənəvi yaxınlıq. İnsanlıq daim özündən üstün varlıq qarşısında təzim edir, ona yaxın olmağa, bir növ razılığını qazanmağa can atıb və atır. İnsanlığın yaşı qədər qədim olan bu ənənə Quranda dəfələrlə haqqında söhbət açılan Adəmin (yəni düşünən, məsuliyyət hiss edən) - insanın övladlarının timsalında da müşahidə olunur. Biri əkincilik, digəri heyvandarlıqla məşğul olan gənclərin hər biri Allaha ən çox dəyər verdiyi məhsulu qurban olaraq təqdim edir və onlardan yalnız birinki qəbul edilir. Sonrakı dövrlərdə də insanlıq təkallahlıq dinindən uzaq düşsə də, bu ənənəni tərk etmir. Amma qurbanlar artıq Allaha deyil, əlləri ilə yonduqları bütlərə və müxtəlif göy cisimlərinə gətirilir ki, bütün bədbəxt hadisələr ya onlardan yan keçsin, ya məhsuldarlıq bol olsun ya ov uğurla keçsin və ya başqa bir səbəb. İş o yerə gəlib çatır ki, insan öz növündən, yəni canlı insanı qurban verməyə başlayır. Məsələn, Cənubi Amerikada yaşayan xalqlar bu məqsədlə bakirə qızları tanrılarına qurban verərdilər ki, onların qəzəbinə tuş gəlməsinlər. Belə bir şəraitdə Allah İbrahim adlı oğlunu insanlığa örnək olaraq göndərir. Əvvəl büt və bütpərəstliyə, daha sonra ulduzpərəstliyə qarşı çıxır və məntiqi dəlillərini gətirir. Bu tədbirlərdən biri də insan qurbanlığına qarşı oğlu İsmayılı qurbangaha gətirməsi və İlahi əmri bu yolla onlara çatdırması olur. Bu həm də onun özü üçün bir sınaq idi. Yəni, insanın ən çox dəyər verdiyindən keçmə bacarığı onun ona verənlə yaxınlıq göstəricisi olaraq qəbul edilir.

    Bu gün dünya müsəlmanlarının ildə bir dəfə vacib həcc ziyarətində yerinə yetirdikləri ayinlərdən biri də dəvə, inək, öküz, qoyun və keçiləri qurban kəsməkdir. Bu ənənə İslamdan əvvəl də cahil ərəblər arasında icra olunardı. Lakin onlar kəsilən heyvanları bütlərin niyyəti ilə kəsər və ora gələn zəvvarlara verərdilər. Həzrət Muhəmmədin gəlişi ilə şirkə aludə olmuş bu ənənəyə tövhid (təkallahlıq) rəngi verilir. Artıq zəvvarlar heyvanları bütlərə deyir, Allaha yaxınlıq niyyəti ilə kəsməyə və yenə də ehtiyacı olanlara paylamağa başlayırlar. Amma hər heyvanı da deyil. Həcc qurbanlığında kəsiləcək heyvanlar halal malla qazanılmalı, eyibsiz və qüsursuz olmalı, xəstə olmamalı, borcla alınmamalı, müəyyən yaş həddində olmalıdır ( dəvə 5 yaş, inək və öküz 2 yaş, qoyun və keçi isə 1 yaş).

    Qurbanlıq zəvvarlar Ərəfatdan qayıtdıqları gün (Zilhiccə ayının 10) kəsilir. Qurban kəsən şəxs (istər kişi olsun, istər qadın) ondan özü də ehtiyac duyduğu qədər istifafə edə və qalanını digər ehtiyacı olanlara verə bilər. Amma hətta həccin özündə belə bunu imkanı çatan şəxslər etməlidir. Qurban kəsə bilməyən həcc zəvvarı 10 gün oruc tutur, 3 gün həcc, 7 gün gəlib öz evində. Amma o ki qaldı həccdən qeyri yerlərə, bu ilahi hökm olmadığından insan heyvanlar üçün sadalanan xüsusiyyətləri nəzərə almalı, yaşlarına gəldikdə isə tam dəqiqliyini nəzərə almaya da bilər. Amma yaxşı olar ki, eynilik nəzərə alınsın. Qurbanı günün istənilən vaxtında kəsmək olar. Nəziri olan şəxslər qurbanlıq günü də qurban kəsə bilərlər.

    Amma o ki qaldı Qurban bayramına, bu gün bəzi "nəzər sahibləri" Quranda bu yoxdur deyib insanlarda yalnız çaşqınlıq yaradırlar. Bəli, Quranda "Qurbanlıq günü bayram edin!" deyə müraciət yoxdur. Amma bu, "etməyin, olmaz" anlamına gəlmir! Çünki "bayram" İlahi hökm deyil, bir ənənədir. Ənənələr üçün də ayə nazil olmur. Məsələn, Quranın bir çox yerində "ləysə ələykum bicunahın" - "Sizə bunu etməkdə günah yazılmaz" kimi xəbərlər verilir. Məsələn, namazın səfərdə qısaldılması. Belə bir ifadədən məqsəd "yəni istəsəniz edin" və ya "bilmədən etsəniz, sizə günah deyil" xəbərin verilməsidir. İndi bu iddia sahibləri deyə bilər ki, Peyğəmbər bu bayramı etmədi. Axı necə edə bilərdi ki, ömrünün sonunda həcc ziyarətini yerinə yetirir, sonra da buna fürsət olmur. Lap tutaq ki, etməyib. Peyğəmbərin zamanında məscidlərdə minarə, günbəz, mehrab tikilmirdi. İndi neynəyək, söküb-dağıdaq hamısını!? Peyğəmbərin zamanında Quran müsabiqələri keçirilmirdi, amma indi keçirilir, Quran ayələri xəttatlıqla yazılıb  məscidlərin divarları bəzədilmirdi. İndi bütün divarları söküb-qazıyaq ki, vaxtilə yox idi!?

    Bəs yaxşı, bu yaşa da çatıb Allahın bəxş etdiyi ağılı istifadə etməyəcəksinizsə, bundan belə nə vaxt və harada işlədəcəksiniz?!

    "Düşünün, ey ağıl sahibləri!"(Quran).