Rəisidən sonra İranı 50 gün Məhəmməd Möhbər idarə edəcək
İran mənbələri xəbər verir
İran İslam Respublikası konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident vəzifədə olarkən vəfat edərsə, dövlətin bütün işlərində son söz sahibi olan ali rəhbərin təsdiqi ilə birinci vitse-prezident vəzifəyə keçir.
Birinci vitse-prezident, parlamentin spikeri və ədliyyə orqanının rəhbərindən ibarət şura maksimum 50 gün ərzində yeni prezident seçkisini təşkil etməlidir.
İranın hazırkı birinci vitse-prezidenti Məhəmməd Möhbərdir. O, 1955-ci il sentyabrın 1-də anadan olub. Əli Xameneinin yaxın adamlarından hesab edilən Möhbər 2021-ci ildə ölkənin birinci vitse-prezidenti təyin edilib.
O, Rusiya ordusuna raket və pilotsuz uçuş aparatları tədarük etmək üçün danışıqlar aparan qrupun tərkibində yer alıb. Möhbər, həmçinin ali dini liderə bağlı olan "Setad" investisiya fondunun rəhbəri olub. 2010-cu ildə Avropa İttifaqı ona sanksiya tətbiq edib, iki il sonra "qara siyahı"dan çıxarılıb.
Qeyd edək ki, Raisi 2021-ci ildə prezident seçilib və növbəti seçkilər 2025-ci ildə keçirilməlidir.