BLOQ

“Rəsulzadə - 140” Polşada

Krakov tədbirinin özəllikləri. Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni Ad ehtimalı

“Rəsulzadə - 140” Polşada
Kielçe şəhərində Mədəniyyətlərin dialoqu muzeyi
  • Oxuma müddəti:

    11 dəqiqə

  • 15-16 iyun 2024-cü il tarixlərində Polşanın Krakov şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” adlı Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən daha bir toplantı bu il 140 illiyi qeyd edilən Rəsulzadənin yubiley tədbirləri sırasına daxil oldu. “Azərbaycan və Polşanın 100 illik münasibətləri” ümumi başlığı altında keçirilən bu tədbir bütünlüklə M.Ə.Rəsulzadənin Polşa və Azərbaycan əlaqələri tarixində yerinə və xidmətlərinə həsr edilmişdi. Mövzunun yekunu kimi isə bu iki ölkə arasında yaranmış əlaqələrin bu günki səviyyəsini göstərmək nəzərdə tutulurdu.

    Əsasən Krakov və ətraf bölgələrdə yaşayan, oxuyan və işləyən Azərbaycan gənclərini əhatə edən “Xarı bülbül” diaspor assosiasiyasının rəhbəri Sedat Şamilli bu il yanvar ayının sonlarında Bakıda “II Beynəlxalq Rəsulzadə Qiraətləri” konfransının iştirakçısı olmuşdu. Sedat konfransın materiallarından ibarət “II ... Qiraətlər” məqalələr toplusunun “M.Ə.Rəsulzadə və Azərbaycan gəncliyi” bölümündə “Rəsulzadə mənim üçün kimdir” mövzusunda esse yazmış 13 nəfər xaricdə yaşayan soydaşlarımızdan biridir və 28 may – Müstəqillik bayramı ərəfəsində Krakovda da Rəsulzadəyə həsr olunmuş tədbir keçirmək qərarı hələ həmin qış günlərində verilmişdi. Lakin may ayının sonlarında mənim səfərlərimin sıx qrafiki ilə əlaqədar bu tədbiri iyun ayının ortalarına salmalı olduq və bunun da öz müsbət tərəfləri üzə çıxdı. Belə ki, keçirildiyi ölkələr və auditoriya baxımından Rəsulzadə haqqında edilən təqdimatlarım fərqli olduğundan bu dəfə Rəsulzadənin siyasi portreti ilə yanaşı 10 ilə yaxın Polşa dövrü həyatı və bu ölkənin siyasi xadimləri ilə ən sıx əlaqələrinə dair Məruzə-təqdimata daha dərindən hazırlaşmaq imkanı yarandı. Alınan nəticələr isə, düzü bir sıra yenilikləri ilə bütün gözləntilərimi keçdi!

    Polşaya hələ keçən ilin oktyabrında, Varşava Universitetində “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans günlərində həmkarlarımla birgə Krakova da gəlmişdik və Sədat Şamilli şəhərin düz mərkəzində, məşhur tarixi meydana açılan küçədə, qədim 3 mərtəbəli binada yerləşəcək və artıq açılmasına son hazırlıq gedən, “Azərbaycan Mədəniyyət Mərkəzinin” ofisinin pəncərələrini fərəhlə bizə nişan vermişdi. Elə o vaxt bu assosiasiyanın idarə heyətinin bəzi üzvləri ilə tanış olmuşduq. Sadiqin “Rəsulzadənin böyük izlər qoyduğu bir ölkədə yaşayan azərbaycanlı gənclərin onu daha yaxından tanımaq və tanıtmaq haqqı” olduğunu xüsusi vurğulaması yaddaşımda ayrıca həkk olunmuşdu.

    İndi budur, həmin tarixi binadakı Azərbaycan Mərkəzində, öz gənc diaspor üzvlərimizin əhatəsindəyəm. Əsas tədbir iyunun 16-na nəzərdə tutulsa da, Krakovda azərbaycanlı icmasının, “Xarı Bülbül” assosiasiyasının fəalları ilə ölkəyə gəldiyim ilk gündən görüşməyə başlamışam. Krakov və ətraf şəhərlərin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan və işləyən (işləməmək mümkün deyil, çünki yaşamaq xərclərini yalnız bu yolla qarşılamaq olar) bu ağıllı, zəhmətkeş, savadlı, mərifətli, mehriban, səmimi və əlbəttə ki, Vətənpərvər gəncliyimizlə ünsiyyətdən hədsiz zövq və qürur duyuram. Daha çox axşam saatlarında baş tutan bu ekspromt görüşlərdə dərsdən, yaxud işdən çıxan gənclər Mərkəzdə yığışırlar, çoxları sonacan oturur, bəziləri iş növbələri başladığından getməli olduğu üçün, tədbirdə görüşmək ümidi ilə, təəssüflə vidalaşmalı olur, kimsə “geciksə də sualını verməmiş” getmək istəmir. Suallar əsasən Cümhuriyyət və Rəsulzadə ətrafındadır. Maraqları çox geniş, ciddi və dərindir. Xüsusilə ayrı-ayrı tarixi məqamları anlamağa və dəqiqləşdirməyə ehtiyac duyurlar. Suallardan ölkənin və dövlətimizin tarixini bilmək, görkəmli şəxsiyyətlərimizi tanımaq istəkləri aydın görünür və bu münasibət məni hədsiz məmnun edir. Səhərə qədər danışmağa hazıram. Arada özüm də onlara suallar verirəm. Deyəsən böyük əksəriyyətinin Vətənə qayıtmaq fikri və planları yoxdur. Səbəblərini izah etməyə çalışırlar. İlk dəfədir ki, bu növ qərarlardan məyus olmuram, əksinə xaricdəki gəncliyimizin Vətən və Dövlətçilik sevgisi qarşısında həmin Vətən naminə fəaliyyət miqyaslarını təsəvvür edirəm. Belə ki, Polşa mühitinə dərindən bələd olan və artıq yerli cəmiyyətə qismən inteqrasiya olunmağa başlayan, oxuduqları ali məktəblərdə tələbə və müəllim heyətləri, çalışdıqları müəssisə və şirkətlərdə iş adamları, texniki-elmi-işgüzar dairələr, ümumən yerli əhali ilə yaxından təmas bu cavanların həmin ölkə(lər)də qalaraq güclü Azərbaycan diasporu və tədricən lobbiçiliyi yaratmaq imkanlarını genişləndirir. Çox mühümdür ki, AR Diasporla İş Komitəsinin rəhbərliyi də bütün bu məqamları nəzərə alır. Şəxsən özümün şahidi olduğum, istər İsveçdə Səadət Kərimi, Sevda Dadaşovanın və d. təmsil etdikləri qurumların, istərsə də Polşada Sedat Şamillinin “Xarı Bülbül” Assosiasiyasının tədbirlərini maddi və mənəvi baxımdan dəstəkləməsi buna sübutdur. Odur ki, Fuad Muradova bir daha bu gəncləri bir araya toplamaq və Vətən tarixi nümunəsində, Dövlətçilik ənənələri bazasında birləşmək şəraiti yaratdığı üçün ayrıca təşəkkür edirəm.
    Polşada Magistr təhsili almış və artıq öz işini qurmuş 28 yaşlı Sedat Şamilli Diaspor qurumu qarşısında duran vəzifə və məqsədlərini aydın təsəvvür etməklə əsasən yerli orqanlarla fəaliyyət istiqamətində iş aparır. Məhz bu baxımdan 16 iyunda nəzərdə tutulan tədbirin Krakovun özündə deyil (hərçənd Azərbaycan Mərkəzində bunun üçün çox yaxşı şərait, 50-70 nəfərlik zal var), 120 km. aralıda, Kielçe şəhərində “Mədəniyyətlər Dialoqu Muzeyində” (Muzeum Dialogu Kultur) keçirilməsinə qərar verib, özünün polşalı həmkarı və dostu Pyotr vasitəsilə yerli polyak gənclərinin də bu tədbirdə toplaşması nəzərdə tutulub.

    İyunun 16-da saat 10 radələrində biz, 4-5 maşın gənclərlə birlikdə Krakovdan Kielçe şəhərinə yola düşürük. Varşava Universiteti Şərqşünaslıq fakültəsi Şərqi Avropa Araşdırmaları Mərkəzinin Professor assistantı, dos. Şəhla Kazımova da qatarla Varşavadan gələrək tədbirə qoşulacaq. 2 məruzə - mənim “Rəsulzadənin Azərbaycan istiqlalı davası. Azərbaycan-Polşa əlaqələri kontekstində” və Şəhla xanımın polyak dilində “Rəsulzadə və Polşa Ədəbiyyatı” mövzusunda məruzələrimiz dinlənəcək. Mənim Azərbaycan dilində hazırladığım Məruzə-Təqdimatın slaydlar üzrə mətnləri əvvəlcədən Sədatgil tərəfindən polyak dilinə tərcümə edilib və yerli dinləyicilərə paylanır. Tədbirin Krakovdan aralı, başqa bir şəhərdə keçirilməsinin bir sıra təəssüfləndirici təzahürləri ortaya çıxır - ən mühümü, istirahət günü olduğundan Krakov Universitetinin tanınmış professoru Eva Şemienies Qolaş xanım üzrlü səbəb göstərməklə Kielçeyə gələ bilməyib. Odur ki, Şəhlanın təşəbbüsü ilə bu alim xanımla nəzərdə tutulan yeni və çox maraqlı elmi proyekti ayrı vaxt müzakirə etməyə qərar veririk. Tədbirin polşalı təşkilatçısı Pyotrla Sedat daha bir “mühüm məqamı” nəzərdən qaçırıblar: tədbirin keçirildiyi saatlarda futbol üzrə Avropa çempionatının Polşa-Niderland komandaları arasında oyun başlanır. Polşalı gənclərin bir hissəsi tədbirə baş vurub “O..., futbol, Przepraszam” (bağışlayın) deyə üzrxahlıq edib gedirlər, bəziləri telefonla üzrxahlıq göndərib. Daha intellektual yerli gənclər isə vaxtında gələrək zalda yerlərini tutublar, muzeyin direktoru və əməkdaşları da tədbirə maraq göstərirlər. Bütün texniki-təşkilati məsələlər, foto, video çəkilişləri və s. yüksək səviyyədə təşkil olunub. Tədbir haqda aşağıda şəkillər əsasında məlumat verəcəyimdən burada təfərrüata varmıram. Amma Sedatın bu toplantını məhz Kielçe şəhərindəki “Mədəniyyətlər dialoqu” muzeyində keçirmək təşəbbüsü özünü doğruldur. Ömrünün 10 ilə yaxın dövrünü Polşada yaşamış Rəsulzadənin timsalında Polşa-Azərbaycan münasibətlərinə salınan tarixi nəzər bizim gənclərlə yanaşı Polşa tərəfindən dinləyicilərə də böyük təsir qoyur. Şəhla Kazımovanın polyak dilində etdiyi məruzədən sonra muzeyin direktoru onunla iki ölkə arasında ədəbi-mədəni münasibətlərə bəzi müştərək planların mümkünlüyünü müzakirə edir. Tədbirdən sonra isə “Xarı Bülbül” Assosiasiyasının başçısı kimi Sedat Şamilli ilə Muzeyin rəhbərliyi arasında əməkdaşlığa dair müqavilə imzalanır və yaxın həftələrdə bu binada Azərbaycanla bağlı daha bir tədbirin keçirilməsi haqda razılıq əldə edilir. Təvazökar Sedat müqavilə imzalanması məqamına bizləri dəvət etmədiyi və bu anları hətta fotoda əks etdirmədiyi üçün onu danlayırıq. Səbəbini başa salır, mən də, Şəhla xanım da dinləyicilərlə əhatə olunaraq suallara cavab verdiyimiz üçün bu söhbətləri yarımçıq kəsməyə həya edib. İstənilən halda Sedatı, aparıcı Fəxriyyə xanımı və digər təşkilatçıları bu uğurlu münasibətilə təbrik edirik. Fəxriyyənin tədbirin sonunda Səməd Vurğunun "Azərbaycan" şerini xüsusi şövqlə səsləndirməsi tədbirə bədii sonluq kimi yekun vurur. Hamımız yaşadığımız bu saatlardan və ünsiyyətdən xeyli razıyıq.

    Mənim üçün isə bu Krakov səfəri ümumən onun hazırlıq mərhələsində öyrəndiyim yeni tarixi-elmi faktlar və Rəsulzadə şəxsiyyətinin yeni açılmış çalarları ilə xüsusi əhəmiyyət daşıyır.

    Yazının ardını izləyin... Həqiqətən, yeni məlumatlar alacaqsınız.

    Ardı var...