BLOQ

Rəsulzadə "təşəbbüs"ü və Nərimanov "nifrət"i

III yazı

Rəsulzadə "təşəbbüs"ü və Nərimanov "nifrət"i
  • Oxuma müddəti:

    21 dəqiqə

  • 1920-ci il mayın 16-da Nəriman Nərimanov Bakıya təbii ki, Qalib eyforiyası ilə qayıtmışdı.

    Uzun illərdən bəri tanıdığı, nə vaxtsa dostluq və həmkarlıq etdiyi, lakin əqidə baxmından siyasi rəqiblərinin qurduğu və iki ilə yaxın idarə etdiyi Cümhuriyyət hakimiyyətinə son qoyulmuşdu. Qarşıda əsrlərlə feodal xan-bəy zülmü və kapitalist əsarəti altında yaşayan geniş, zəhmətkeş kütlələrin öz hakimiyyəti, sosial ədalət prinsipinə əsaslanan azad bir cəmiyyət, Şərqdə ilk müsəlman sosialist dövlətinin yaradılması perspektivləri açılırdı. Bu quruluşun Rusiyada ağır vətəndaş müharibəsi, “devrilmiş” siniflərin güclü müqaviməti qarşısında “sosializmin” amansızlıq, zorakılıq yolu ilə bərqərar edilməsi nümunəsini görsə də Nərimanov Azərbaycanda belə sistemin yerli şərtlər, kəskin sinfi ziddiyyətlərin olmadığı müsəlman cəmiyyətinin əxlaqı, dini görüşləri, ayrı-ayrı zümrələr arasında münasibətlərin xarakteri nəzərə alınmaqla qurulacağına əmin idi və bu işdə Sovet Rusiyasının başçısı Leninin özündən aldığı təminata güvənirdi. Lakin Aprel işğalının elə ertəsi günü XI Qırmızı Ordunun hərbi birləşmələri Cümhuriyyət hakimiyyətinin təhvil verilməsi şərtlərini pozaraq Rusiya təcrübəsini ən kəskin formada tətbiq etməyə başlayır, devrilmiş dövlətin xadimlərinin təqib və həbslərinə, xüsusilə təhlükəli saydıqları güc strukturları - ordu, daxili işlər, təhlükəsizlik orqanları rəhbərlərinin və yüksək səviyyəli məmurların məhvinə rəvac verilir. Bolşevik Əli Bayramovun qətli ilə bağlı cinayət işi üzrə günahkar bilinən Bakının keçmiş hərbi general-qubernatoru Murad Gəray Tlexas və sabiq polismeysteri Rüstəm bəy Mirzəyev başda olmaqla 15 nəfər haqqında Teymur Əliyevin sədrliyi ilə Ali İnqilab Tribunalı kollegiyasının çıxardığı və Ali İnqilab Komitəsinin sədr müavini Mir Davud Hüseynovun dərhal imzaladığı ölüm hökmü yubanmadan yerinə yetirilir. Azərbaycanlı bolşevik xadimlərin imzaları ilə qəbul edilən bu növ qərarların Cümhuriyyət ordusunun 15 generalı daxil olmaqla 400-ə yaxın yüksək rütbəli hərbi qulluqçularının, bir qrup görkəmli dövlət adamları və ziyalıların istintaqsız və məhkəməsiz Nargin adasında güllələnməsi Cümhuriyyət dövrü xadimlərinə qarşı əsl terrorun aparıldığını göstərir. Nərimanovun hələ Bakıya qayıtmasından əvvəl başlamış bu proseslərlə bağlı qərarların fövqəladə komissar Həmid Sultanov, sonralar bir qayda olaraq Mirzə Davud Hüseynov tərəfindən imzalanması Ali İnqilab Komitəsinin sədri Nərimanovun ən azından bu aktlarda şəxsən iştirak etmək istəməməsi kimi başa düşülə bilər. Nərimanovun bu terrorun qarşısını almaq imkanları var idimi? Yəqin ki, yox. İnqilabi hərbi vəziyyətin hökm sürdüyü və sonradan özünün də əmin olacağı kimi, əsl hakimiyyətin XI Qızıl Ordu komandanlığının və rus-gürcü kommunistlərinin başçılıq etdiyi partiya orqanlarının əlində olduğu bir şəraitdə Nərimanov ölkədə Ali dövlət orqanının başçısı kimi imzaladığı müvafiq dekretlər və şəxsi nüfuzu ilə bu proseslərin kütləvi xarakter almasına imkan vermir, Ə.Şıxlinski, S.Mehmandarov kimi hərbçilərdən tutmuş bir sıra tanınmış ziyalıların həbs və cəzalardan qurtulmasında əməli rol oynayır.

    Ac rus əsgərlərinin Bakıda rastlaşdıqları bolluq və firavanlıq qarşısında quduzcasına anbarlara, dükanlara, evlərə etdikləri basqınlara, şəhər təsərrüfatı və iqtisadiyyatının darmadağın olunmasına son qoymaq, neft sənayesindən tutmuş kiçik müəssisələrdə, ticarət sahələrində, sosial mənsubiyyəti nəzərə alınmadan geniş əhali arasında görünməmiş müsadirələri mümkün qədər nizama salmaq üçün qərarlar verilir, tədbirlər görülür.

    Hakimiyyətdə hökm sürən ikitirəlik, Azərbaycan hökumətinin başçısı kimi öz səlahiyyətlərinin daha çox nominal xarakter daşıdığı, ölkənin əsasən rus-erməni bolşeviklərindən ibarət Az. K(b)P tərəfindən idarə etdiyi bir şəraitdə Nərimanov böyük çətinliklə A.Mikoyan da daxil 30 nəfər yüksək statuslu erməni kommunistinin Bakıdan çıxarılmasına nail olur. Lakin bütün bu addımları qarşısında Nərimanov yalnız Azərbaycana Rusiyanın bir parçası kimi baxan rus-erməni bolşevikləri ilə deyil, azərbaycanlılara ayrılmış az saylı vəzifələri tutan, cidd-cəhdlə ölkəyə sırınan inzibati-idarə sisteminə uyğunlaşaraq daha ali mənsəblərə can atan gənc Azərbaycan kommunistləri ilə də üzləşməli olurdu. Əliheydər Qarayev, Mirzə Davud Hüseynovun aprel işğalından dərhal sonra Serqo Orconikidzenin Azərbaycanın Sovet Rusiyasının tərkibinə daxil olmasına razılıq verməsindən tutmuş, qətlə yetirilmiş Fətəli Xan Xoyskinin gənc qızı ilə evlənmək təklifi rədd edilmiş M.D.Hüseynovun bu ailəni zorla həmin nigaha təhrik etmək əməllərinə qədər, “sosialist” tədbirlərinin həyata keçirilməsində xüsusi canfəşanlıq edən iddialı azərbaycanlı kommunistlərin hakimiyyət “ehtiraslarının” yatırılması Nərimanovun həll etməli olduğu məsələlər idi. Gündəlik olaraq üzləşdiyi və getdikcə dərinləşən problemlər hökumət başçısı kimi bir vəzifənin verdiyi şöhrət və özünə əminlik hisslərini artıq çoxdan aradan aparmışdı. 1920-ci ilin yayından başlayaraq Mərkəzə göndərdiyi istefa ərizələri Nərimanovun hər halda “kreslo hərisliyinə” dair ittihamları təkzib edirdi.

    Qeyd olunmalıdır ki, Şərq cəmiyyətlərində sosialist quruculuğu gedişində yaranan problemlər yalnız Azərbaycan üçün səciyyəvi deyildi. Rusiyanın müsəlman-türk xalqlarının yaşadıqları milli-inzibati ərazilərdə tatar, başqırd, qazax, özbək və d. xadimləri də eynilə Nərimanovun üzləşdiyi problemləri yaşayırdılar. Bu məsələlər 1920-ci ilin 1-8 sentyabr aylaında Kommunist İnternasionalının təşkilatçılığı ilə Bakıda keçirilən Şərq xalqlarının I qurultayında tam çılpaqlığı ilə üzə çıxdi. Proletariatı olmayan Şərq ölkələrində baş qaldırmış milli-azadlıq inqilablarının Kominternin “Dünya inqilabı” konsepsiyası və sosialist inqilabının eksportu proseslərinə cəlb olunması və müsəlman ölkəsi kimi Sovet Azərbaycanında bu quruluşun təntənəsinin təbliği məqsədilə çağırılan qurultayda Türküstan nümayəndə heyətinin “rus sovet çinovniklərinin” çar dövründən heç də fərqlənməyən özbaşınalıqlarına dair gətirdikləri nümunələr Şərqdə kommunizm quruculuğunun heç də gözlənilən və bu xalqların kommunist rəhbərlərinin arzuladıqları istiqamətdə getmədiyini göstərirdi. Əslində “Bolşevik imperializmi” kimi xarakterizə oluna bilən bu siyasətin artıq üzə çıxan uğursuzluqlarının arxasında yaranmaqda olan “rus bolşevik burjuaziyası” deyil, daha dərin səbəblər dururdu. Müəyyən zəruri şərtlər daxilində həyata keçirilməli olan sosializm nəzəriyyəsi hətta utopik kommunist idealları nəzərə alınmadan belə, şəhər kapitalizminin zəif olduğu, əsasən aqrar təsərrüfatın, feodal-patriarxal münasibətlərin hökm sürdüyü, əhalisinin böyük hissəsi savadsız, ictimai cəhətdən ətalətli, vətəndaş və milli hüquqlau pozulmuş, sosial ədalət qanunlarının olmadığı Rusiyada, və xüsusilə müsəlman respublikalarında real gerçəkliklə açıq ziddiyyətə girirdi. Sinfi nəzəriyyəyə uyğun olaraq cəmiyyətin imkanlı, aktiv və savadlı təbəqələrini fiziki cəhətdən məhv etmək, sosial statuslarını aşağı salmaq, fəhlə sinfi üstün götürülməklə zəhmətkeş adlanan bütün digər zümrələrə qarşı sosialist tədbirlərini zor gücünə həyata keçirmək istənilən halda müsbət nəticələr verə bilməzdi.

    Rusiyada artıq sınanmış terror və zorakılıq metodlarının şablon kimi Azərbaycanda tətbiq olunmasına qarşı Nərimanovun bütün cəhdlərinin natamamlığı da buradan irəli gəlirdi. Azərbaycanı müsəlman Şərqi üçün nümunəvi sosialist ölkəsi kimi Nərimanovun Kremlə təklif etdiyi proyekt çərçivəsində əldə etdiyi nisbi uğurlar – dövlət müstəqilliyinin formal olsa da saxlanılması, türk dilinin dövlət dili elan edilməsi, Cümhuriyyət ordusunun əsgər və zabitləri bazasında Azərbaycan Qırmızı Ordusunun yaradılması, Dağlıq Qarabağın Azərbaycan tərkibində qalması, qonşu İran və Türkiyə ilə müstəqil dövlət statusunda əlaqələr qurulması, Sovet tədbirləri kimi Cənubi Azərbaycan tacirlərinin müsadirə olunmuş 30 milyonluq əmlakının əvəzinin ödənilməsi, Naxçıvanın da taleyi həll olunan Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan tarixi əhəmiyyətli 16 mart 1921-ci il müqaviləsinin Türkiyənin xeyrinə şərtlərlə imzalanmasında mühüm rol oynaması və s. – bu sıradan sayıla bilər. Lakin bu uğurların heç biri asan başa gəlmirdi. Gənc həmkarlarının “Qoca” adlandırdıqları Nərimanovun öz tələblərində, xüsusilə ciddi məsələlərin həlli zamanı göstərdiyi inad və prinsipiallıq, sözü keçməyəndə istefaya getmək qərarını ortaya qoyması onun müsəlman kütlələri və Şərq inqilabçıları arasındakı böyük nüfuzuna hələ də ehtiyac olan Kremli “Şərqin Lenini" ilə hesablaşmağa məcbur edirdi. Əlbəttə ki, bunun müqabilində Nərimanov da müəyyən güzəştlərə gedirdi, gücü çatmadığı məsələlərdə geri çəkilməli olurdu. Lakin “Qoca”nın şikayətlərinin getdikcə artdığı, Azərbaycan K(b)P rəhbərliyi ilə münaqişələrinin dərinləşdiyi, digər azərbaycanlı kommunistlərin ona qarşı açıq-gizli fəaliyyətlərinin gücləndiyi bir şəraitdə, Mərkəz onu Azərbaycandan uzaqlaşdırmaq qərarına gəlir və SSRİ yarandıqdan sonra Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçmək yolu ilə bu məqsədini həyata keçirir.

    N.Nərimanov 1920 (may) – 1922-ci illər (may) Azərbaycan hökumətinin başçısı kimi həmin dövr ölkədə baş verən bir çox faciələrə, naqisliklərə, özünün obyektiv, ya subyektiv səbəblərdən buraxdığı səhvlərə görə, təbii ki, tarixi məsuliyyət daşıyır. Həyatının son illərində yazdığı “Uçqarlarda inqilabımızın tarixinə dair” əsəri Nərimanovun özünün də bu məsuliyyəti tam anladığının bariz sübutudur və istər dövrü, istər şəxsi haqqında həqiqətləri sonrakı nəsillərə ötürmək istədiyi bir mesaj sayıla bilər.
    Lakin tarixi şəxsiyyət kimi Nərimanova qiymət verilərkən onun yalnız Azərbaycan, ya Rusiya hüdudlarında deyil, beynəlxalq miqyasda, xüsusilə Şərq dünyasında tanınmış inqilabi xadim və siyasi fikir adamı olduğu da nəzərə alınmalıdır. XX əsrin əvvəllərində müsəlman ölkələrində beynəlmiləlçi, solçu ideoloji düçüncədən çıxış edərək Şərq xalqlarının azadlıq və inqilabi mübarizə hərəkatı tarixində iz qoymuş görkəmli şəxsiyyətlər sırasında Nərimanovun adı birincilər sırasında çəkilir. Öz zamanından tutmuş bu günümüzədək xarici tarixşünaslıqda bu ada olan marağın sönməməsi, Nərimanovun həmin mövzularda çoxsaylı tədqiqatların obyekti olması deyilənlərə sübutdur. Bu baxımdan Azərbaycanın müasir tarixində sol nəzəriyyələr və Şərqdə inqilabi mübarizələr üzrə Nərimanov miqyasında ikinci nüfuzlu tarixi şəxsiyyət yoxdur. Bu məqam – beynəlxalq aləmdə iki əsrdən artıq xüsusi çəkisi və aparıcı rolu olan sol siyasi fikir cərəyanları və sosial hərəkatlar tarixində Nərimanova səbəb Azərbaycanın adının çəkilməsi bu müsəlman ölkəsinin Avropa dəyərlərinə əsaslanan qabaqcıl siyasi ideologiyalar üçün açıq olması kimi qiymətləndirilə bilər.

    Nərimanovun Azərbaycanın dövlətçiliyində yerinə gəldikdə onun sosial-demokrat, bolşevizm ideyalarına sadiqliyi nəzərə alınmaqla, real siyasi fəaliyyətində daha çox xalqının və ölkəsinin milli maraqları mövqeyindən çıxış etdiyi danılmazdır. Bu baxımdan Nərimanovun bir hökumət başçısı kimi xidmətləri və səhvləri tarixin tərəzisinə qoyularsa, birincilərin çəkisinin qat-qat ağır gələcəyi şübhə doğurmur. Bu sırada təkcə bir fakt – Aprel işğalından sonra ölkənin gələcək taleyi həll olunduğu ən mühüm bir məqamda, Azərbaycanın muxtariyyət statusunda Sovet Rusiyasının tərkibinə daxil edilməsi kimi real təhlükənin qarşısını aldığı və Cümhuriyyətin əsasını qoyduğu dövlət müstəqilliyini yarıformal da olsa qoruduğu – kifayətdir ki, Nərimanovun adı Sovet Azərbaycanı – II respublikanın rəhbəri kimi Azərbaycan dövlətçiliyi tarixində öz layiqli qiymətini alsın. Bu baxımdan SSRİ təşkil edilərkən Azərbaycanın bu ittifaqa suveren dövlət kimi daxil edilməsində Cümhuriyyət tarixi qədər, Nərimanovun da rolu danılmazdır.

    Nərimanovu bir tarixi şəxsiyyət kimi unikal edən daha bir cəhət onun hələ 70 il davam edəcək Azərbaycan SSR-nin kommunist rəhbərliyi tarixində “milli-kommunist” təmayülünün əsasını qoymasıdır. Ölkənin, onun ərazilərinin və xalqının taleyüklü məsələlərində Nərimanovun yaratdığı nümunə – beynəlmiləlçi kommunist əqidəsinə hansı dərəcədə inamından asılı olmayaraq milli maraqların əsas götürülməsi - birmənalı olaraq ondan sonrakı Azərbaycan Sovet rəhbərləri sırasından ardıcıllarının yetişməsini və müvafiq ənənənin yaranmasını şərtləndirmişdir. Artıq öz zamanlında istər Azərbaycanda yürütdüyü siyasətə, xüsusən də “Ucqarlarda inqilabımızın tarixinə dair” məktub-müraciətlərində ortaya qoyduğu mövqeyə görə “millətçilikdə” ittiham olunan Nərimanovun birbaşa köməyi ilə 1922-ci ilin martında AK(b)P MK katibi təyin olunan Əyyub Xanbudaqovdan (20-ci illər) başlayaraq, Sovet Azərbaycanı rəhbərləri Mir Cəfər Bağırov (30-40-cı illər), İman Mustafayev, Mirzə İbrahimov, Vəli Axundov (50-60-cı illər) və Heydər Əliyev (70-80-ci illər) ən müxtəlif şəraitlərdə hakim beynəlmiləlçi kommunist ideologiyası daxilində Azərbaycanın milli maraqlardan çıxış etmək nümunələri yaratmışlar. Onlardan bəziləri Nərimanov kimi birbaşa “millətçilikdə” ittiham olunaraq həyatı (Ə.Xanbudaqov), digərləri tutduqları vəzifələri (İ.Mustafayev, M.İbrahimov) ilə “cavab” verməli olsalar da, Azərbaycan kommunist rəhbərliyində siyasi qərarlar seçimi qarşısında milli maraqların və milli ruhun qorunması ənənəsini yaşatmışlar. Kommunist ideologiyasının hakim olduğu 70 ildə bütün təzyiqlərə baxmayaraq Azərbaycan cəmiyyətində milli ruhun, milli düşüncənin, milli ədəbiyyatın və mədəniyyətin inkişafı, Azərbaycan dilinin dövlət statusu müəyyən mənada kommunist rəhbərlərinin bu mövqeləri sayəsində mümkün olmuşdur.

    Tarixi gedişatın meyarı olan Zaman 1918-1922-ci illər mövcud olmuş müstəqil Azərbaycan dövlətlərinin iki əks ideoloji qütblərdə və barışmaz siyasi mövqelərdə duran liderlərinin – M.Ə.Rəsulzadə və N.Nərimanovun Azərbaycanla bağlı nəzər və proqramlarına öz korrektlərini etdi.

    Nərimanovun həyatının son, ən məyus dövründə, 1925-ci ilin yanvarında “bolşevik imperializminin” paytaxtı Moskvada oğluna yazdığı məktubda “bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq” qənaəti son nəhayətdə təsdiqləndi. Bolşevizmin dayağı - Sovet dövləti hər hansı xarici müdaxilə olmadan, əsaslandığı ideologiyanın iflasa uğradığı və reallıqla ziddiyyətlərinin son həddinə çatdığı bir zamanda – 1991-cı ilin sonunda dağılaraq aradan getdi. Bütün Sovet respublikaları kimi Azərbaycan da öz dövlət müstəqilliyini bərpa etmək şansı əldə etdi.

    Avropada çox ciddi, təhlükəli proseslərin güc topladığı, yeni müharibə yeli əsdiyi mürəkkəb bir dövrdə,1936-cı ildə M.Ə.Rəsulzadə siyasi mühacirətdə yazdığı “Müsavat” partiyasının yeni Proqramında Azərbaycanın mütləq müstəqil olacağına inamını ifadə edərək gələcək Azərbaycan dövlətinin sosial ədalət prinsipinə əsaslanan demokratik xalq respublikası idarə formasında yaranacağı perspektivini irəli sürdü. SSRİ-nin dağılması və 1990-cı illərdə ölkədə baş qaldırmış milli hərəkat Azərbaycan xalqına Rəsulzadənin göstərdiyi prinsiplər üzərində yeni Azərbaycan dövlətçiliyi qurmaq imkanları açdı.
    Lakin Zamanın hökmü I və II Azərbaycan respublikalarının rəhbərləri arasındakı siyasi mübahisədə Qalibi – Rəsulzadəni - müəyyən etməklə bitmədi. Tarixin ironiyası ilə son Qələbənin hələ qarşıdakı təsdiqinə qədər bu iki şəxsiyyətin siyasi və şəxsi talelərində nə qədər oxşar amillərin olduğu ortaya çıxdı.

    Rəsulzadə və Nərimanov məhz “millətçi” mövqelərinə görə Sovet siyasi rəhbərliyi tərəfindən uzun onilliklər ən ağır töhmətlərə məruz qaldılar, daha sonra tarixi unutqanlığa məhkum edildilər.

    Bütün həyatını “Azərbaycan” adı və maraqları ilə bağlamış Nərimanov ömrünün son illərində yüksək bir vəzifədə Moskvada az qala sürgün həyatı yaşadı, tutduğu vəzifələrindən azad edilərək Vətənə qayıtmaq və siyasi fəaliyyətdən uzaqlaşmaq barədə müraciətləri cavabsız qaldı. Bütün bu illərdə qəlbində daşıdığı yükün ağırlığı və çəkdiyi iztirabların nəticəsi olaraq 55 yaşında, mümkündür ki, elə ürək ağrısından vəfat etdi və cəsədi belə Bakıya buraxılmayaraq görünməmiş təmtəraqla Moskvada torpağa tapşırıldı.

    Ömrünün yarısını, bütün mühacirət fəaliyyətini “Azərbaycan savaşına” həsr edən, ilk, yeganə və son nəğməsi “Azərbaycan” olan Rəsulzadə də həyatının sonunadək Vətən Azərbaycana həsrət qaldı və məzarı Türkiyədə yer aldı.
    Həm Hərimanov, həm Rəsulzadə gələcək azərbaycanlı nəsillərə yaşadıqları müstəqil dövlətin nə qədər ağır, mürəkkəb, ziddiyyətli ideya və gərgin siyasi mübarizələr şəraitində yarandığı və qorunduğunu bilmək və qiymətləndirmək üçün özlərindən sonra misilsiz zəngin yazılı irs qoydular.

    Nəhayət, tarix və zaman Nərimanovla Rəsulzadə qarşıdurmasının əsas məsələsi – dövlət quruculuğunun milli, yaxud sosial ideoloji zəmində qurulması mübahisələrinə də bir nöqtə qoydu: müasir Avropa dövlətləri nüminəsində milli dövlət hüdudlarında sosial ədalət prinsipinin mümkünlüyü ideoloji-praktiki baxımdan öz təsdiqini tapdı...

    Bu məqamlar bütün amal və məqsədləri Azərbaycan adlı dövlətin yaradılması olmuş, bu dövləti qurmuş və qorumuş, artıq tarixə dönmüş iki böyük şəxsiyyəti 100 ildən sonra, bu günün və mövcud reallıqların nəzərindən bir-birinə qarşı qoymağın nə dərəcədə mühüm, zəruri və məqsədəuyğun olduğu sualına sağlam bir düşüncə ilə yanaşmağa vadar edir...