Rusiyanın ilk Ay missiyası iflasa uğradı
"Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb
Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.
"Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.
“Bu gün (avqustun 19-da) “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib”, - korporasiyanın açıqlamasında qeyd olunub.
Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.
Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi “Ay yarışı”ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.
Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.
Rusiyanın hələ SSRİ dövründən qalan nəhəng kosmos təcrübəsinin olmasına baxmayaraq, son illərin hadisələri bunun heç də asan olmadığını ortaya çıxarıb.
Belə ki, 2023-cü ilin aprelində özəl şirkətin ilk Ay missiyası uğursuzluqla yekunlaşıb. “iSpace” şirkətinin buraxdığı “Hakuto-R” modulu ilə bağlantı enişdən bir neçə dəqiqə öncə kəsilib.
2019-cu ildə Hindistan və İsrail missiyaları bənzər uğursuzluqla üzləşiblər.