Sabahdan Tehranda Beynəlxalq Energetika Sərgisi başlayır
İranın Energetika Nazirliyinin məlumatına görə, sərgidə ümumilikdə 474 yerli şirkət iştirak edəcək
Sabahdan Tehranda 23-cü Beynəlxalq Energetika Sərgisi (IEE 2023) başlayır.
Sərgidə Pakistan, İraq, Özbəkistan, Tacikistan və Əfqanıstanın energetika nazirləri iştirak edəcəklər. Tehranda keçirilməsi planlaşdırılan 23-cü İran Beynəlxalq Energetika Sərgisi noyabrın 17-dək davam edəcək. Tədbirdə İtaliya, Çexiya, Almaniya, Çin, Cənubi Koreya, Xorvatiya, Türkiyə, İspaniya, Sloveniya, Polşa və Yaponiya da daxil olmaqla 12 ölkədən 110 xarici şirkət nümayəndəsi iştirak edəcək.
Sərgi bu il müxtəlif ölkələrin diqqətini cəlb edib. İlk dəfə olaraq sərgi beş ölkənin energetika nazirlərinin iştirakı ilə keçiriləcək.
Ən böyük sənaye və ticarət tədbiri olan İranın Beynəlxalq Energetika Sənayesi Sərgisi hər il bu sahədə çoxlu sayda bacarıqlı yerli və xarici şirkətlərin iştirakı ilə keçirilir.
IEE 2023 elektrik enerjisi sənayesində fəal iştirak edən şirkətlər üçün öz nailiyyətlərini və məhsullarını bu sənayenin peşəkar ekspertlərinə təqdim etmək, bazar tələbatının tendensiyasını nəzərə alaraq gələcək fəaliyyətlərinə və innovasiyalarına rəhbərlik etmək və elektrik enerjisi sənayesinin inkişafını təmin edə bilmək üçün fürsətdir.
İranın Energetika Nazirliyinin məlumatına görə, sərgidə ümumilikdə 474 yerli şirkət iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan bu sərgidə iştirak etmir. Məlumatı ANS Press-ə Azərbaycanın Energetika Nazirliyindən veriblər.