XƏBƏRLƏR / Siyasət

Sallivan Bayramovla görüşüb. Görüşə Mirzoyan da qoşulub

ABŞ Prezidentinin müşaviri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə normallaşma məsələsi barədə danışıb

Sallivan Bayramovla görüşüb. Görüşə Mirzoyan da qoşulub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Twitter hesabında görüşlə bağlı paylaşım edib:

    "Ararat Mirzoyan və Ceyhun Bayramov üçün ev sahibliyi etmək xoşdur.
    Bu gün Ağ Evdə birlikdəyik. Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq"

    ***

    Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşünə dair mətbuat məlumatı:

    3 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

    Əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

    Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməzliyini diqqətə çatdırıb.

    Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb. 

    Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.