Seçkidə hər kəs üçün şərait yaradılmışdı
Bu barədə Asiya Parlament Assambleyasının üzvləri mətbuat konfransında jurnalistlərə bildirib
Azərbaycanda parlament seçkilərinə iştirak etmək istəyən hər kəs üçün şərait yaradılmışdı.
Bu barədə Asiya Parlament Assambleyasının Baş katibi Mohammed Reza Macidi mətbuat konfransında jurnalistlərə bildirib.
"Asiya Parlament Assambleyasının nümayəndə heyətinin nümayəndələri kimi biz Azərbaycanda parlament seçkilərində iştirak etməkdən məmnun idik", - o qeyd edib.
Mohammed Reza Macidi nümayəndə heyətinin seçkiləri izlədiyini və səsvermə prosesinin sabit keçdiyini qeyd edib. Bu proses parlament münasibətlərinin yaxşılaşmasında böyük rol oynayıb.
"Bizim müşahidələrimizə əsasən, seçkilərdə iştirak aktiv olub. İnsanlar gəldi və namizədlərə səs verdilər. Bütün proses təmiz və qanunauyğun keçdi", - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.