SEPAH bəyanat yaydı
Dünən İsrail Dəməşqdə yerləşən İran konsulluğunun binasına hücum etmişdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın paytaxtı Dəməşqdə yerləşən İran konsulluğunun binasına hücumla bağlı bəyanat yayıb.
Bu barədə "Tasnim" agentliyi bildirib.
SEPAH hücumun İsrail tərəfindən həyata keçirildiyini qeyd edib. Təşkilat bildirib ki, zərbə nəticəsində iki iranlı general - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın beş zabiti - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi həlak olub. Açıqlamada öldürülənlərin hamısının SEPAH-ın Suriyadakı hərbi məsləhətçiləri olduğu qeyd olunur.
İranın Dəməşqdəki konsulluğunun binasına hücum aprelin 1-i axşam saatlarında məlum olub. Suriyanın dövlət agentliyi binanın tamamilə dağıldığını bildirib. BMT zərbə ilə bağlı xəbərlərdən "narahat olduğunu" , baş verənlərlə bağlı məlumatın az olduğunu açıqlayıb.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail təyyarələri yerli vaxtla təxminən saat 17:00 radələrində Qolan təpələrindən konsulluq binasına zərbələr endirib. Nazirlik əlavə edib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri raketlərin bəzilərini vurub.
"Reuters" agentliyinə danışan İsrail ordusunun sözçüsü İsrail Hərbi Hava Qüvvələrinin zərbədə iştirak edib-etməməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
“The New York Times” qəzeti adı açıqlanmayan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini yazıb. Onların sözlərinə görə, hədəf general Zahedi olub. Briqada generalı Məhəmməd Rza Zahedi SEPAH daxilində mühüm fiqur idi. O, 44 il əvvəl təşkilata qoşulub, 2008-2016-cı illərdə Suriya və Livanda hərbi əməliyyatlarda iştirak edib, Bəşər Əsəd rejiminin tərəfində döyüşüb və bu müddət ərzində ali rütbəyə yüksəlib.
General Zahedi İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyaları altında idi.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasına bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin məlumatına görə, aprelin 2-də İranın Suriyadakı konsulluğuna endirilən hava hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. O bildirib ki, bu görüşün keçirilməsi İran və Rusiya Federasiyasının təşəbbüsü ilə baş tutacaq.
İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərib və qurumu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb.
Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır.
İranın xarici işlər naziri Hüseyn Abdollahian "X" sosial şəbəkəsində İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Onun vasitəsilə nazirlik ABŞ-a mesaj çatdırıb. Xarici işlər naziri vurğulayıb ki, Vaşinqton İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna görə məsuliyyət daşımalıdır. Ağ Ev bildirib ki, ABŞ İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumdan əvvəlcədən xəbərdar olmayıb.