Separatçı Arayik özünü Azərbaycan vətəndaşı sayır
Bunu separatçılara baş çəkən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov deyib
Azərbaycanın İşgəncələrə Qarşı Komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq Şöbəsində saxlanılan Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov bildirib ki, saxlanılan şəxslər saxlanma şəraitindən razılıqlarını bildiriblər.
“Saxlanılan şəxslər vaxtaşırı gəzinti təşkil etdiklərini, həmçinin hər həftə ailə üzvləri ilə telefonla əlaqə saxlamağa şərait yaratdıqlarını bildiriblər. Həmin şəxslər etiraf ediblər ki, onlara bərabər şərait yaradılıb. Eyni zamanda onlara ailələrinin seçdiyi vəkil də təyin edilib.
Arayik Arutyunyan baş çəkmə zamanı qeyd edib ki, özünü Azərbaycan vətəndaşı hesab edir. Dedi ki, Azərbaycan dilində min söz başa düşsə də, ermənidilli məktəbdə oxuduğu üçün Azərbaycan dilində danışa bilmir”.
Qeyd edək ki, Baş Prokurorluğun kolleqiyasında Qarabağdakı qondarma separatçı rejimin "yüksək vəzifəli" şəxslərinin barəsində istintaq edilən cinayət işinin hazırkı mərhələsi barədə İstintaq idarəsinin rəisi Nemət Əvəzov məruzələrlə çıxış edib.
Təffərüatlar açıqlanmır.