Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.
Bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.
“Şam yeməyindən sonra Kim Çen In səmimiyyətlə Prezident Putini münasib vaxtda Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət etdi”, - məlumatda deyilir.
Dövlət radiosunun qeyd etdiyi kimi, Putin dəvəti qəbul edib.
Qeyd edək ki, ötən gün Putin və Kim Çen In arasında danışıqlar Amur vilayətindəki Vostoçnı kosmodromunda reallaşıb. Əvvəlcə liderlər nümayəndə heyətlərinin iştirakı, sonra isə üzbəüz danışıqlar aparıblar. Gündəliyə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr, eləcə də regionda və bütövlükdə dünyada vəziyyət daxil edilib. İki ölkənin liderləri rəsmi naharda ünsiyyətlərini davam etdiriblər.
Şimali Koreya lideri Rusiya Prezidentinin dəvəti ilə səfərə gəlib. Onun səfəri rəsmi statusa malikdir - bu, protokol praktikasında ən yüksək kateqoriyalardan biridir. Rusiya ölkə sərhədlərinin bağlı olduğu pandemiyanın başlanğıcından bəri Kim Çen Inın səfər etdiyi ilk dövlətdir. Bundan əvvəl Kim Çen In 2019-cu ilin aprelində Rusiyaya gəlmişdi.