Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçdi
Avtomobillərin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 137-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Saat 19 radələrində sülhməramlılara məxsus 1 minik, 24 yük avtomobilinin Laçından Xankəndi, 2 yük avtomobilinin isə Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.