11:34
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ümumilikdə partlayış nəticəsində 6 nəfər xilas edilib.
***
09:19
Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
“03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub”, – məlumatda qeyd olunub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
Partlayışın səbəbi haqda hələ məlumat verilmir.
***
09:10
Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.
Hadisədə 1977-ci il təvəllüdlü Əliyev Ramin Zakir oğlu, 2007-ci il təvəllüdlü Əliyev Ayxan Ramin oğlu və 2010-cu il təvəllüdlü Əliyeva Familə Ramin qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***
08:10
Sumqayıtda yaşayış binasında baş verən partlayış nəticəsində xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
07:30
Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.
***
07:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.