Suriya İsraillə təhlükəsizlik müqaviləsi imzalaya bilər
Bu barədə Əl Cəzirə kanalı məlumat yayıb

Yaxın günlərdə Suriya ilə İsrail arasında təhlükəsizlik müqaviləsi imzalana bilər.
Suriya Prezidenti Şaara bəyan edib ki, “İsraillə təhlükəsizlik danışıqları yaxın günlərdə nəticə verə bilər”. O, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasına səfərindən əvvəl keçirdiyi mətbuat brifinqində bildirib və əlavə edib ki, təhlükəsizlik razılaşması uğurlu olarsa, bu, gələcəkdə “əlavə razılaşmalara” gətirib çıxara bilər. Bununla belə, Suriya Prezidenti qeyd edib ki, “sülh və normallaşma hazırda gündəmdə deyil”.
Şaara təhlükəsizlik sazişinin “lazımlı” olduğunu vurğulayaraq, əlavə edib ki, bu, digər şeylərlə yanaşı, İsrailin “Suriya hava məkanına və ərazi məkanına hörmət etməsini” təmin etmək üçün bağlanıb.
O əlavə edib ki, BMT belə bir sazişin həyata keçirilməsinə nəzarət etmək üçün məsuliyyət daşıyacaq.
Xatırladaq ki, ərəfədə Bakıda İsraillə Suriya nümayəndələrinin danışıqlar aparması haqda məlumat yayılmışdı.