Tbilisinin hər yerində etirazlar yatırılıb YENİLƏNİB
Gürcü mənbələri məlumat verir
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.
Nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.
Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.
Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.
Su şırnağı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəq olub.
***
03:35
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları parlament binasının əks istiqamətinə aparan bir keçidə qovurlar.
Polis davamlı olaraq su şırnağı və və gözyaşardıcı qazdan istifadə edir.
***
02:38
Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıblar.
Bu haqda TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb.
Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazdan da istifadə edirlər.
Xatırladaq ki, bundan əvvəl polislə etirazçılar arasında yaranmış qarşıdurma nəticəsində bir neçə polis əməkdaşının xəsarət aldığı haqda məlumat yayılmışdı.
***
00:38
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında toplaşan nümayişçilərə qoşulub.
Aksiya iştirakçılarına qoşulan Zurabişvili onlara dəstək verdiyini bildirib.
"Mən burada bu insanların yanındayam. Bacardığım yerdə olacağam. Yeni seçkilər olmayana qədər bitməyəcək olan müqavimət başlayır". - deyə o, mitinqdə onu alqışlarla qarşılayan kütləyə müraciət edib.
Bundan sonra o, xüsusi texnikanın yerləşdiyi Azadlıq meydanına keçib. Zurabişvili təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.
Bundan əvvəl Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşmanın olduğuna dair məlumat yayılmışdı. Məlumatda polisin aksiya iştirakçılarını dağırmaq üçün hərəkətə keçdiyi və bibər qazından istifadə etdiyi bildirilirdi.
***
28.11.2024-cü il
22:00
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.
Parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bağlayıblar.
Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.
***
21:15
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.
"Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, "ruslar", "get" şüarları səsləndirirlər.
Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.
Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.
Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.