Ter-Petrosyan V.Manukyanın birləşmək təklifini rədd edib
Bu barədə "Hraparak" yazəb
Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşir. Nikol Paşinyan hökumətinin Azərbaycanla müharibədə uduzması, Qarabağ ermənilərinin Ermənistana kütləvi köçü, Rusiya ilə münasibətlərin pisləşməsi və digər səbəblər Paşinyan iqtidarına qarşı narazılıqları gücləndirib.
Yaranmış vəziyyətdən sui-stifadə etməyə çalışan müxalifət nümayəndələri isə Nikol Paşinyanı devirməyin yollarını axtarmaqdadırlar.
“Hraparak”ın məlumatına görə, “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan müxalifəti birləşdirən Milli Komitənin uğursuzluğunun səbəblərindən danışıb.
O deyib ki, bir müddət əvvəl onlar keçmiş ombudsman Arman Tatoyanın başçılıq etdiyi müvəqqəti hökuməti təqdim ediblər. Lakin bir şərt olub ki, bütün keçmiş prezidentlər və katolikoslar da bu ideyanı açıq şəkildə dəstəkləsinlər.
“Təəssüf ki, birinci prezident Levon Ter-Petrosyanın mənfi reaksiyası bu ideyanı həyata keçirməyə mane oldu”, - Artsvik Minasyan bildirib.
Milli Komitənin rəhbəri, sabiq baş nazir Vazgen Manukyan müxtəlif tərəflərlə, o cümlədən Levon Ter-Petrosyanla danışıqlar aparmağa və görüşməyə çalışıb. O, ölkəni bu vəziyyətdən çıxarmaq üçün Ter-Petrosyanla uzun müddətdir mövcud olan bütün fikir ayrılıqlarını bir kənara qoyub şəxsən danışıqlara getməyə hazır olduğunu açıqlasa da, Ermənistanın birinci prezidenti görüş təklifini rədd edib.
“Hraparak” Vazgen Manukyanla əlaqə saxlayaraq, bu hadisə ilə maraqlanıb. Eks-baş nazir jurnalistin sualını cavablandırmaq istəməyib: “Mən sizin dediklərinizi nə təsdiq, nə də təkzib edəcəyəm. Çox sağ olun".