Tokayevin Azərbaycana səfər tarixi və proqramı açıqlandı
Qazaxıstan Prezidentinin səfəri barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel xəbər verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana səfər edəcək. İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə səfir bildirib.
Alim Bayel qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin, Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək.
Səfir, həmçinin, Qazaxıstan liderinin səfərinin Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk xarici dövlət başçısının səfəri olacağını vurğulayıb.