TRİPP ərazisində hazırlıq işlərinin aparıldığı bildirilir
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan hökümətin iclasında bu barədə məlumat verib FOTO/YENİLƏNIB
12:28
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan hökümətin bu günkü iclasında Sünik (Zəngəzur) bölgəsində TRİPP marşrutunun keçəcək ərazisinə baxış və təftiş edilməsi haqda məlumat verib:

"Biz, əslində, üç layihə çərçivəsində infrastrukturların layihələndirilməsi üzrə işlərə başlayırıq və bu məqsədlə həmin infrastrukturların potensial planı ilə yerindəcə tanış olmaq üçün Syunikdə olduq. Bu mərhələdə söhbət dəmir yollarından, avtomobil yollarından və enerji infrastrukturu obyektlərindən gedir.
Dəmir yoluna gəlincə, burada hər şey çox aydındır: əslində burada bizim üçün yeni heç nə yoxdur. Biz istehkamların vəziyyəti ilə bir daha yerindəcə tanış olmaq istədik, lakin dəmir yolunun keçəcəyi marşrut bəllidir və burada danışılası heç nə yoxdur. Bu mənada artıq layıhələndirmə işlərinə başlanılacaq.
Yollara gəlincə, əlbəttə ki, marşrutlaşdırma problemləri var, çünki orada çəkilişi çətin olan hissələr var - həqiqətən çətin hissələr. Və biz, təbii ki, son həll yolu tapmalıyıq ki, yol rəqabətli olsun. Çünki söhbət tranzitdən gedir və tranzit marşrutu bizim üçün rəqabətədavamlı və sərfəli olmalıdır, ancaq o zaman sərfəli olacaq ki, yolun regional səviyyədə istismar üstünlükləri olsun.
Elektrik xətlərinə gəlincə, burada, məncə, hər şey daha aydın görünür. Orada, əlbəttə ki, son dizayn məsələləri də var ki, biz onları da modelləşdirəcəyik. Və düşünürəm ki, biz "TRIPP Development Company" (TDC) yaradılmasını gözləmədən bu üç infrastruktur üzrə layihələndirmə işlərinə tam başlaya biləcəyik. Gördüyümüz işləri şirkət yaranıb fəaliyyətə başlayan mərhələdə TDC-yə təhvil verəcəyik. Vaxt itirməmək üçün dizayn işlərinə bu gündən başlamağı düzgün hesab edirik.
Tezliklə biz sizin hamınıza müzakirə üçün daha konkret eskizləri təqdim edəcəyik, ondan sonra faktiki layihiələndirmə işlərinə keçəcəyik."
***
10:37
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan rəsmiləri oktyabrın 21-də TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə Sünik vilayətində olublar.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. O, daha real müddətin 2027-ci ilin əvvəli olduğunu deyib. Hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və digər hazırlıq işlərinin aparıldığı bildirilir.
3 dəqiqə