TRT-nin 17-ci Beynəlxalq Sənədli Film Festivalı
Və ya cəsur və həyatda böyük iz buraxan mərdlər toplusu
Mən hər zaman sənədli filmlərə ehtiyatla yanaşmışam. Axı iştirak etdiyim müharibələrdə görmüşəm ki, hakimiyyətlər tarixi elə tez-tez yenidən yazırlar ki, dünənki qəhrəman bu gün satqın, bugünkü satqın isə sabah milli sərvət elan olunur. Ona görə mən bu hadisələrdə yazıçı yox, reportyor olmağa üstünlük vermişəm - tarix yalan danışanda mən dediklərimi videoçəkilişlərlə sübut edə bilim deyə.
Yəni, əlimdə hər zaman sənədli videolar olub. Məhz buna görə sənədli film çox "sırtıq" sənət növüdür. Çünki faktlarla mübahisə etməyi xoşlayır. Məsələn, bədii filmdə ssenarist rejissora deyə bilər:
- Bu aktyora de, bir az da kədərli görünsün ki, tamaşaçılar kövrəlsin.
Sənədli filmdə isə həyat özü rejissora deyir:
- Mən artıq ssenarini yazmışam. Sən sadəcə onu tamaşaçılara aydın şəkildə çatdır.
Bu gün İstanbulun İstiqlal küçəsində gəzərkən məhz bunu düşünürdüm. "Grand Pera" kinoteatrının qarşısında dünyanın müxtəlif ölkələrindən gəlmiş insanlar toplaşmışdı. TRT-nin 17-ci Beynəlxalq Sənədli Film Festivalı keçirilirdi. Burada bütün millətlərdən var idi - alman da vardı, fransız da, ərəb də, amerikalı da, hətta ermənilər də var idi.
Amma qəribədir ki, festivalın proqramında Qarabağa həsr olunmuş film olmasına baxmayaraq, mən bir nəfər də olsun azərbaycanlı tapa bilmədim.
Bu da müasir dünyanın maraqlı paradokslarından biridir. Qarabağ haqqında filmi türklər çəkir. Qarabağ haqqında sualları əcnəbilər verir. Qarabağ və ümumiyyətlə Azərbaycanı yalnız bir azərbaycanlı təmsil edir... O da mən, filmdə iştirak edən xarakter. Başqa tərəfdən isə başadüşüləndir. Biz bir millət, iki dövlətik. Görünür, kino məsələsində rolları da bölmüşük. Türkiyə bizim yerimizə filmləri çəkir. Biz isə həmin filmlərə baxmağa belə gəlmirik. Etiraf edim ki, pis bölüm deyil. Türkiyə öz kinosunu göz bəbəyi kimi qoruyur. Sənədli filmdən tutmuş, animasiyaya qədər, hər sahədə dünyaya meydan oxuyur.
2009-cu ildə yaradılmış bu festival artıq çoxdan adi kino tədbiri olmaqdan çıxıb. Burada filmlərdən daha çox yaddaş nümayiş olunur. Çünki sənədli film əslində kinonun yox, insan yaddaşının bir növüdür. Xatirələrin janrıdır. Bu il festivala minlərlə film təqdim olunub. Münsiflərin işi isə Nuh peyğəmbərin vəzifəsindən də çətin oldu. Çünki hər film öz həqiqətini gətirib. Maraqlıdır ki, dünyada həqiqətlərin sayı artıq insanların sayını keçib və bu həqiqətlər yaşamaq arzusundadır, kinolent dəryasında batıb qalmaq yox.
Festivalın bu ilki şüarı "Cəsur ol, iz burax"dır.

Maraqlıdır ki, bizim regionda bəzən iz buraxmaq cəsur olmaqdan daha təhlükəlidir. Çünki izlər adətən həqiqətə aparır.
Festivalın proqramında Azərbaycan üçün xüsusi maraq doğuran film də var idi. Bu, tanınmış türkiyəli rejissor Murat Bülbülün və onun TRT-çi peşəkar komandasının çəkdiyi "Qarabağ Azərbaycandır – Keçmişin Kölgəsində" sənədli filmidir.
Filmə çox diqqətlə baxdım. Qarabağ haqqında filmi izləyən yeganə azərbaycanlı olmaq qəribə hissdir. Adam özünü həm tamaşaçı, həm ekspert, həm də nümayəndə heyəti kimi hiss edir. Belə vəziyyətdə insan istər-istəməz bütün bir millətin yerinə baxmağa məcbur olur.
Film mənə bir şeyi xatırlatdı. Müharibə həmişə düz xətt üzrə getmir. İnsan yaddaşı da getmir. Ona görə Murat Bülbül hadisələri tarix kitabları kimi düzməyib. Yaddaş necə işləyirsə, filmi də elə qurub. Bəzən xatirə qabağa keçir, bəzən ağrı, bəzən də adamın uzun illər unutmağa çalışdığı bir səs. Düşünürəm ki, bu əsər türklüyün güclü şəxsi və avtobioqrafik elementləri ilə yaddaşlarda qalmağa məhkumdur. Mən şəxsən, tanıdığım və mənə əziz olan Azərbaycanlıların adından bütün TRT kollektivinə və xüsusilə də Murad bəyə, onun peşəkar komandasına dərin təşəkkür edirəm bu işə görə!

Hələ ANS vaxtından Qarabağ haqqında çox film çəkilib. Bəziləri müharibəni göstərib, bəziləri siyasəti, bəziləri dəyişən xəritələri. Amma sadaladığım film janrlarında bir problem var: mənim 1991-ci ildə Xocalı sakini haqda çəkdiyim “Qazma” filmimi hesaba almasaq, onlar real adamı göstərmir. Bu film isə bir adamdan deyil – insanlardan, talelərdən, yaddaşlardan danışır. İtirilmiş evlərdən, tapılmış məzarlardan... Və ən qəribəsi - illər keçsə də, yaddaşın unuda bilmədiyi həqiqətlərdən.
Filmdə mənimlə də müsahibələr yer alıb.

Taleyin qəribə ironiyasıdır ki, insan əvvəlcə hadisənin iştirakçısı olur, sonra həmin hadisə haqqında danışır, daha sonra isə bir gün kinoteatrda oturub öz keçmişini ekranda izləyir. Bu gün "Grand Pera" kinoteatrında nümayişdən sonra rejissor Murat Bülbül, yaradıcı heyət və mənim iştirakımla mətbuat konfransı keçirildi. Suallar çox oldu. Məni sevindirən isə başqa məqam idi: Azərbaycan burada maraq doğurur. Azərbaycan burada sevilir. Azərbaycan burada tanınır. 44 günlük müharibədə olduğu kimi, Türkiyə bu gün də Azərbaycanın yanındadır. Sadəcə, bu dəfə silahla yox, mədəniyyətlə.
Bir vaxtlar ANS Azərbaycanın həqiqətlərini dünyaya çatdırırdı. Bu gün həmin işi TRT görür - peşəkar şəkildə, mədəni şəkildə, dünya səviyyəsində. Deməli, yaddaş ANS ilə ölməyib. Sadəcə, onun yerə düşmüş kamerasını başqa qardaş qaldırıb və çəkilişi davam etdirir.
6 dəqiqə