"Türkiyə Ermənistanla sərhədi yay aylarında açacaq"
Bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat əldə etdiyini iddia edir
Qarşıdakı dövrdə Alican və Akyaka sərhəd keçid məntəqələrinin açılması planlaşdırıldığı üçün Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi və qarşılıqlı ticarətin 1 milyard dollara çatması gözlənilir.
Ermənistandakı seçkilərdən sonra baş nazir vəzifəsinə qayıdan Nikol Paşinyan regional sülh və normallaşma mesajları ilə Ankara ilə Irəvan arasındakı prosesi yenidən canlandırdı.
Paşinyanın Türkiyəyə qarşı müsbət açıqlamalarından sonra diqqət iki ölkə arasında planlaşdırılan sərhəd keçidlərinə yönəldilib. Seçkilərdən əvvəl həyata keçirilməsi nəzərdə tutulan, lakin sonrakı inkişaflar səbəbindən təxirə salınan bu addımların qarşıdakı dövrdə yenidən gündəmə gələcəyi gözlənilir.
Əldə edilən məlumata görə, iki ölkə arasında diplomatik əlaqələr sürətlənməkdədir və məqsəd normallaşma prosesində konkret addımlar atmaqdır.
ALİCAN SƏRHƏD KEÇİDİ ÜÇÜN GERİ SAYMA
İlk olaraq İğdırdakı Alican Sərhəd Keçid məntəqəsinin qarşılıqlı keçidlər üçün açılması planlaşdırılır. Ermənistan tərəfində hazırlıqların başa çatdığı bildirilsə də, məqsəd Türkiyə tərəfindəki işləri qısa müddətdə yekunlaşdırmaqdır.
Beləliklə, yay aylarında qarşılıqlı keçidlərin və avtomobil yolu ilə ticarətin başlayacağı gözlənilir.
Qarsdakı Akyaka Sərhəd Qapısının açılması üçün də işlər davam edir. Sərhəd qapılarının açılması ilə iki ölkə arasında nəqliyyat və ticarət şəbəkəsinin yenidən formalaşacağı gözlənilir.
TİCARƏT HƏDƏFİ: 1 MİLYARD DOLLAR
Sərhədlərin açılması ilə Türkiyə ilə Ermənistan arasında uzun illərdir Gürcüstan vasitəsilə həyata keçirilən dolayı ticarətdən üçüncü ölkələrin kənarlaşdırılacağı gözlənilir. Hazırda 300-350 milyon dollar dəyərində qiymətləndirilən bu ticarətdə hazır geyim, kimyəvi məhsullar, qida və emal olunmamış qiymətli metallar üstünlük təşkil edir.
Birbaşa ticarətin başlaması ilə logistika xərclərinin azalacağı, məhsulların bazara daha tez çatacağı və qarşılıqlı ticarət həcminin qısa müddətdə 1 milyard dollara çatacağı gözlənilir. Bu prosesin həmçinin nəqliyyat dəhlizlərinin genişlənməsinə və Cənubi Qafqazda iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcəyi gözlənilir.
2 dəqiqə