İnvamed Tibbi İnnovasiya İnstitutu Türkiyənin ABŞ-dan sonra kateter vasitəsilə qapalı cərrahiyyə üsulu ilə ürək qapağı implantasiya edən dünyada ikinci ölkə olduğunu açıqlayıb.
Xarici media xəbər verir ki, daha bir beynəlxalq uğura imza ataraq Türkiyə səhiyyə texnologiyaları sahəsində innovativ gücünü dünyaya bir daha sübut etdi. Bu uğur bir daha təsdiqləyir ki, Türkiyə tibbi texnologiyalar sahəsində qlobal lider olmaq yolunda müvəffəqiyyətli addımlar atır.
İllərlə aparılan tədqiqat, ürək qapağı ağır aorta stenozu olan xəstələr üçün yeni bir ümid yaradır. Açıq ürək əməliyyatı riski olan və ya belə bir müdaxiləyə uyğun olmayan xəstələr üçün ideal müalicə variantı təqdim olunub. Bu, xəstələrin tezliklə sağalma prosesi və daha qısa müddət ərzində xəstəxanada qalmaqla həyatlarını normal şəkildə davam etdirmələrinə şərait yaradır.
İnstitutun rəhbəri Raşit Dinç bu əməliyyatla bağlı fikirlərini bildirərək qeyd edib ki, “TAVI (Transcatheter Aortic Valve İmplantation) xüsusilə yaşlı xəstələr və ciddi ürək qapaq problemi olan insanlar üçün hazırlanmış bir müalicə üsuludur. Bu üsul ürək qapaqlarının daralmasını müalicə etmək üçün istifadə olunur. Aorta qapağının stenozu ürəyin böyük bir arteriya vasitəsilə bədənə qan pompalamasını çətinləşdirən bir vəziyyətdir. Ənənəvi müalicə üsulu qapağın açıq ürək əməliyyatı ilə dəyişdirilməsidir. Ancaq bu, xüsusilə yaşlı xəstələr və digər sağlamlıq problemləri olan insanlar üçün böyük risklər daşıyır. TAVI üsulu böyük bir kəsik etmədən bədəndəki kiçik bir dəlikdən (adətən qasıqda) xüsusi boru (kateter) vasitəsilə ürəyə yeni qapaq yerləşdirməyə imkan verir. Bu prosedur zamanı ürək dayanmır və xəstə adətən bir neçə gün ərzində xəstəxanadan buraxılır.
“Statistikaya nəzər saldıqda bu xəstəliyi olan insanların əksəriyyəti prosedurdan sonra özlərini əhəmiyyətli dərəcədə yaxşı hiss edirlər və normal fəaliyyətə daha tez qayıdırlar. Xüsusilə riskli xəstələr üçün TAVI açıq ürək əməliyyatı ilə müqayisədə daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bununla belə, hər bir müalicə metodunun riskləri və yan təsirləri var, ona görə də bu məsələ ilə bağlı həkimlərlə ətraflı müzakirələrə ehtiyac var. TAVI-nin mümkünlüyü və müvəffəqiyyəti xəstədən-xəstəyə görə dəyişə bilər. Buna görə müalicə variantlarının və mümkün nəticələrin hərtərəfli qiymətləndirilməsi üçün həkimə müraciət etmək vacibdir. İnanırıq ki, bu uğur Türkiyənin tibb texnologiyaları sahəsində fəaliyyətinə olan inamını gücləndirəcək, həmçinin beynəlxalq arenada daha da müvəffəqiyyətlərə imza atmaq üçün ilham verəcək”, - deyə Raşit Dinç əlavə edib.