Türkiyənin fəlakət zonasında yenidən zəlzələ oldu
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb
Fevralın 17-də Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Belə ki, ocağı 11,78 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:35-də meydana gəlib.
Eyni zamanda, fevralın 6-da fəlakətə yol açan zəlzələ ilə gündəmə gələn Kahramanmaraşın Pazarcık rayonunda da titrəmələr olub. Bakı vaxtı ilə 04:49-da qeydə alınan zəlzələnin ocağı 6,6 km dərinlikdə olub.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.