Üç ölkənin səfiri Gürcüstan XİN-ə çağırılıb
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb
Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyə qarşı sanksiya tətbiq etmək qərarına görə Litva, Latviya və Estoniya səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Gürcüstan KİV-nin məlumatında bildirilib.
Litva, Latviya və Estoniya “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelaurinin və onun müavinlərinin, xüsusi təyinatlılar departamenti rəisi Zviad Xarazişvili və onun müavininin, patrul polis idarəsinin rəisi Vaje Siradzenin və kriminal polis idarəsinin rəisi Teymuraz Kupatadzenin ölkəyə girişini qadağan edib.
Baltikyanı ölkələr qərarlarını Gürcüstanda insan haqlarının pozulmasına cavab olaraq izah ediblər.
Qeyd edək ki, ehtiyac yaranarsa, Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazır olduğunu bəyan edib. “Delfi” agentliyi xəbər verir ki, bunu Litva Prezidentinin baş müşaviri Asta Skayskgirite deyib.
O, qeyd edib ki, prezident Zurabişvili indiyədək “Tiflisdə xalqının yanında olacağını açıq şəkildə bəyan edib”. Eyni zamanda o, Zurabişvilinin xaricdə müdafiəyə ehtiyacı ola biləcəyi ehtimalını etiraf edib: “Əgər belə bir ehtiyac yaranarsa, təbii ki, Litva sığınacaq verəcək”.