Uşağı döymək və ya cəzalandırmaq düzgündürmü?
Avropada “ağıllı stul” adlı cəza üsulu hansı nəticəni verir?
Uşaqların intizam qaydalarına əməl etməməsi bir çox ailənin qarşılaşdığı çətin problemlərdəndir. Klinik-psixoloq Ruhiyyə Rüstəmova qeyd edir ki, valideynlərin uşaqları cəzalandırma üsulları bəzən daha ciddi problemlərə yol açır: “Valideynlər uşaqlarını çox hərəkətli, dəcəllik edən hallarda danlayır, vurur və cəzalandırır. Bu isə uşaqlarda psixoloji travmalara səbəb olur və nəticədə uşaqlar daha çox dəcəllik etməyə başlayır”.
Mütəxəssislər uşaqlara müxtəlif cəza növlərinin tətbiqinin gələcəkdə ağır fəsadlara səbəb ola biləcəyini bildirirlər. Ruhiyyə Rüstəmova uşaqlarda depressiya, panik ataklar, qorxular və fobiyaların artdığını vurğulayır: “Valideynlər uşaqlarında bu cür problemlərin yaranmasının səbəbini başa düşmək üçün psixoloqlara müraciət edirlər”.
Rusiyalı klinik-psixoloq Lüdmila Varzinova isə cismani cəzaların valideynlə uşaq arasındakı münasibətləri zədələdiyini bildirir: “Valideyn uşağa qarşı cismani cəza tətbiq edəndə uşağın gözündə qorxu və təhlükə fiquruna çevrilir”.
Sosioloq Mail Yaqub isə valideynlərin öz davranışları ilə uşaqlara nümunə olmalarının vacibliyini qeyd edir: “Əgər valideynlər gündəlik olaraq dalaşırlarsa, həmin valideynlərin uşaqlara etik davranış qaydalarını öyrətməsi təsirsiz olur”.
Rusiyalı klinik-psixoloq Lüdmila Varzinova uşaqların şiddətə məruz qalmasının onların fizioloji vəziyyətinə təsir etdiyini, qan axını, həzm və konsentrasiya problemlərinə yol açdığını bildirir: “Uşağın beyni həm şiddətin ağır formalarına, həm də yüngül şillələrə bərabər reaksiya verir”.
Valideynlərin uşaqlarını digər uşaqlarla müqayisə etmələrinin də mənfi təsirləri var. Mail Yaqub vurğulayır ki, müqayisə etmək uşağın özünə inamını zədələyir və inkişafını məhdudlaşdırır: “Müqayisə etmək qadağandır. Biz uşağımıza mənəvi cəhətdən zərər vururuq, onun inkişafını boğuruq”.
Avropada isə “ağıllı stul” adlı cəza üsulu istifadə olunur. Ruhiyyə Rüstəmova bu üsulun uşaqlara etdikləri hərəkətləri düşünmək və nəticələri qiymətləndirmək imkanı verdiyini qeyd edir: “Uşağı eyni səviyyədə qarşısında əyləşdirib onunla müzakirə etmək çox önəmlidir”.
Valideynlər üçün ən mühüm məqam, öz davranışları ilə uşaqlarına nümunə olmalarıdır. Uşaqlar ətraflarında gördükləri davranışlardan nəticə çıxarırlar. Bu səbəbdən, valideynlər öz münasibətlərini və intizam qaydalarını dəqiq şəkildə qurmalı və bu prinsiplərə riayət etməlidirlər.