Vardan Oskanyan bu vurhavurda Paşinyandan vəzifə istəyir
Keçmiş xarici işlər naziri büdrəmiş maliyə vəziyyətini Qarabağ vasitəsiylə düzəltmək istəyir
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyana özünün rəhbərlik etməyə hazır olduğu Dağlıq Qarabağ üzrə danışıqaparanlar qrupu yaratmağı təklif edib.
Keçmiş nazir brifinqdə bildirib ki, təcrübəli diplomatların daxil olacağı qrupa lazımi səlahiyyətlər verilməlidir və danışıqlarda mövcud vəziyyət 2-3 ay ərzində kəskin şəkildə dəyişəcək.
"Bunun müqabilində baş nazir Dağlıq Qarabağ haqqında danışmağı dayandırmalıdır. O, artıq çıxışları ilə böyük ziyan vurub. Əks halda, vəziyyət yeni müharibə təhlükəsi yaradır.
Danışıqaparanlar qrupu danışıqların məntiqini və yönünü dəyişməli olacaqlar. Gündəlik Dağlıq Qarabağın vaxtilə muxtar vilayət olmasına əsaslanmalıdır. Bu, Ermənistan tərəfi üçün ədalətli siyasi və hüquqi həll yolları axtarışında yeni imkanlar açacaq.
▫️Bu gün danışıqlar sırf Azərbaycan gündəliyi üzrə aparılır, lakin vəziyyəti dəyişdirmək lazımdır: Ermənistan tərəfi özünü təqdim etməlidir".
Qeyd edək ki, Vardan Oskanyan 1998-2008-ci illərdə, Robert Koçaryanın prezidentliyi dövründə Ermənistanın xarici işlər naziri olub.