* Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "twitter" səhifəsində məlumat verib.
* Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş səkkiz avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan olub. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.
* Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin və Xocavənd rayonunun kəndlərinin videogörüntülərini paylaşıb.
* Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Ağdam rayonunda erməni vandalizminə məruz qalmış kənd qəbiristanlıqlarının görüntüsü yayılıb.