BLOQ

Vətən müharibəsinin xronikası: 27 sentyabr

44 günlük Vətən müharibəsinin gedişinin xronoloji ardıcıllığı

Vətən müharibəsinin xronikası: 27 sentyabr
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu Vətən müharibəsi otuzillik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    44 günlük Vətən müharibəsinin gedişi xronoloji ardıcıllıqla təqdim edilir.

    Müharibənin 1-ci günü

    • Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaydı.

    • Saat 12 radələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

    Dövlətimizin başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananların olması barədə məlumat verdi. Azərbaycan Prezidenti Ordumuzun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi.

    • Günorta saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi.

    Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğuladı.

    • Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.

    Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etdi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin - Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi.

    • Saat 19 radələrində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzaladı.

    • Saat 18:30 radələrində Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı.