XƏBƏRLƏR / Siyasət

Vladimir Putin İlham Əliyevə zəng edib

Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması müzakirə olunub

Vladimir Putin İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİ: Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

    Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

    Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

     ***

    KREML: Liderlər Rusiya Prezidentinin Azərbaycana bu yaxınlarda dövlət səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər. Danışıqlar zamanı əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçirilməsinin Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

    Müzakirə Zaqafqaziyadakı (Cənubi Qafqazdakı) mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası, iki dövlət arasında nəqliyyat əlaqələrinin açılması kimi məsələlər ətrafında davam etdirilib. Bununla əlaqədar, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakıya və İrəvana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

    Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.